Şakir Xanhüseyndən İKİ ŞEİR
BAYATILI ŞEİR
Yarana bir məlhəm qoy
bir məhrəm söz ilə sən...
qəlbi yuvan dağlarda,
qəlbin dağ-dağ, biləsən:
Sən biləsən,
nə çəkirsən biləsən...
gərək bir közünü də
yüz ocağa böləsən...
Bürün ağrılarına,
göynəyini gey indi;
kimlər abırsızlığı,
kim abrını geyindi:
Ağ gey indi,
qaranı ağ gey indi...
daim bu fikrində qal:
qara- yerin, ağ- göyündü...
Düyün içində düyün;
bir düyünü açıb bax...
necə naxışlar salır
üzündə bir acı, bax;
Gözüm, acı-acı bax,
min bir dərddi, bir can, bax...
qanımızda dövr edir
odlu bir həyəcan, bax!..
QIĞILCIM
Bəzən bir söz deyirsən,
hiss edirsən qığılcım saçır o söz-
o od-söz...
Atdığın addımdan
qığılcım qopduğunu görmədinmi heç...
Təbəssümdə, salam-sağolda da, bax,
bərq vuran qığılcımlar...
Ərşə çatan bir atəşdən ətrafa səpələnən
qığılcım sıçrantıları...
Olur ku, sanki kəlmələrinə tapındığımız,
əslində, sarıldığımız dualar alov-alov,
off, qığılcımlanır...
Unudulmazdır nə qədər
gözlərin də
qığılcımlar saçdığı günlər, günlər!
Heyy qılınclı-qopuzlu Oğuz bəyləri!
min illərdən bəri
atlarınızın ayağından çıxan qığılcımlar
bu gün də
sayrışır xəyallarımızın üfüqlərində!..