Aida Adıgözəl : -  "Avroviziya" -dan yazdı

 

YAZARLAR 16:16 / 08.05.2024 Baxış sayı: 1402

İllər öncə "Avroviziya" müsabiqəsinin səsi-sorağı ölkəmizə yayılanda bu müsabiqəyə qatılmaq arzusunda olanlar n qədər idi, Elarizdən tutmuş Arzu Mələyəcən özlərini o müsabiqədə qalib görənlər vardı...

Mən də çoxları kimi bu müsabiqənin sırf musiqiyə xidmət etdiyini düşünürdüm. Sonra anladım ki yanılmışam, bu xalqların milli dəyərlərinin ləğv edilməsinə hazırlanmış konseptual proqramdır.

Bir çoxu bu yarışda iştirak etməni Madonna, Ceylo, Şakira kimi dünya ulduzu olmağın ilk tramplini kimi başa düşürdü. Necə ki, bizim ədəbi camiənin bəzi "saf" nümayəndələrinin Avropa-Rusiya qəzet və jurnallarının növbəti tirajlarının birində hansısa, kiminsə məqsədli, uzaq gələcəyə hesablanmış plana uyğun yer verdirdiyinin sayəsində çap olunmasını özünün çox böyük uğuru sandığını, artıq Nobelin onun şkafında dayandığını təsəvvür edib o yola doğru addımladığına inanması kimi...

Əvvəlcə mən də iştirakçılarımızla qürur duyurdum, sonra... sonra isə bütün kartlar açıq görsənməyə başladı!

Hətta Bakıda yaşamağıma baxmayaraq bizim paytaxtda keçirilən müsabiqəyə canlı, şəhər sakini kimi qoşulmadım, evimdən izlədim...

Keçən il iki qardaşın zəif ifası bir yana, onların qadın korsetli geyiminin guya ispan stilində olması təsəvvürü yaradılması da bir yana, əslində bu bizə iki gey formatında performans testi idi. Şərqli mental damarımızda nəbzimizin necə vuracağının sınağının etirazlarla qarşılandığını görən təşkilat bu dəfə bizi ürəyimizdən öz bıçağımızla vurmağı qərarlaşdırdı.

Nə qədər cənab Prezidentimiz bu ailə institutunun ləğvinə yönəlmiş cərəyanların ölkəyə girməsinə imkan verməyəcəyini söyləsə də bu cür müsabiqələr yolu ilə Qərb öz istədiyinə addım-addım, səbirlə nail olmağı bacarır, hətta ölkə gənclərinin seksual yaşamına baxsaq lap çoxdan bacarıb.

Bu axşam da baxmadım, baxmağıma səbəb də yox idi. Format güzgü effektində idi, gözümüzü boyamaq üçün xalqı susdurmağa hesablanmış milli muğam ladları "soxuşdurulmasına!" rəğmən Qərb istədiyini bu iki gəncin vasitəsilə rəsmən bizə öz hiyləgər diqtəsiylə yeritdi, həm də dibinəcən, necə lazımdır! Yəni konsepsiyası o qədər net idi ki...

İnanmıram bunu qanmasınlar, çünki ölkədə şəbəkələrdə müxtəlif kateqoriyalarda özünü modern, intellektual, ziyalı olduğunu söyləyən o qədər ekspert "başlar" var ki, bunu onların görməsi 2×2 qədər sadə olmalıydı!

Mənim gözlərimdə performans formatının təqdimatının adı bu idi: iki geyin sevgisi!

Avropa geylərinin evlilik mərasimlərində gördüyümüz obrazların apaydın təsviri! Fəxrini hətta baxışlarınacan gey-qadın etmişdilər, İlkini də maço erkək!

Bilirəm, bəzi həmin o "intellektual" saxta başlar gəlib burda məni ağ yuyub qara sərməyə başlayıb özlərinin musiqi haqqında fövqəladə bilgi sahibi olduqlarını gözümə soxacaqlar. Amma nafilə!

Biriniz çıxıb mənə sübut etsin ki, qərbin maskası yoxdur, səmimidir, məqsədsizdir, demokratdır, mərhəmətlidir və hər dəstəyində təmənnasızdır!