Sabir  Zəkullaoğlu -  Düşünməli məqam

YAZARLAR 08:26 / 27.06.2026 Baxış sayı: 290

Dünyanın Luvr, Britaniya, Vatikan, Ermitaj kimi məşhur muzeylərində tarixin nadir inciləri saxlanılır.

Bu muzeylərə sahib olan ölkələr, demək olar ki, tarixə sahiblik etmiş ölkələrdir. Həm də bu ölkələrin başbilənləri tarixdə nəyin qiymətli, nəyin bəsit olduğunun fərqində olublar. Tarix və insanlıq adına vacib eksponatları toplayıb muzey halına gətiriblər.

Bu gün həmin ölkələr bu muzeylərdən çoxlu gəlir əldə edir, öz ölkələrinə marağı artırır, tarixdə öz yerlərini nümayiş etdirirlər.

Mən Leninqradda əsgərlikdə olanda təlim-məşq toplantısını şəhərə yaxın olan bir ərazidə – Lembolov qəsəbəsində keçmişəm.

Hərbi xidmətə təzə getmişdik. Bizə çoxlu fiziki təlimlər keçirdilər. Təbii ki, enerji itirirdik. Nəticədə acırdıq. Daha doğrusu, acımızdan ölürdük. Bizə verilən "payok" bizi doyurtmurdu.

Bir gün gecənin gec vaxtı uşaqlar məni yuxudan qaldırdılar ki, gedirik yaxınlıqdakı dükana oğurluğa. Dur, hazırlaş, gedək. Həmin gün də anam mənə məktub yazmışdı ki, "bala, partiyaya keç".

Dedim, dəlisən? Mən partiyaya keçəcəyəm. Mən "naruşeniya" edə bilmərəm. Dedi, nə partiya? Acından ölürsən axı...

Dedim, yox ki, yox.

Əlqərəz. Uşaqlar getdilər.

Bayaqdan yatmışdım, ac olmağımı da unutmuşdum. İndi gözümə yuxu getmir, aclığım da baş qaldırdı. Yata bilmirəm. Həm də gözləyirəm görüm uşaqlar nə gətirəcəklər. Fiktim onların yanındadır. Yuxum tamam qaçıb.

Şamaxıdan bir oğlan var. Adı İlhamdır. Məndən də mağmunun biridir. Ancaq çox ürəyi təmiz, səxavətli, son tikəsini paylaşan... İki saat keçməmiş gördüm İlham gəlir. Özümü vurdum yatmışlığa. Guya ki, heç nə vecimə deyil, rahat yatmışam, bunların nə gətirəcəyi də umurumda deyil.

Gəlib oturdu sol yanımda. "Mən çağırır, mən oyanmıram. Silkələyib oyatdı."

Çoxlu şirniyyat, peçenye gətirmişdi. Beş-altı da "kefir". O kefirin dadı hələ də damağımdadır. Sözüm onda deyil...

Dedim, pul götürə bildin ?

Dedi, nə pul?

Deyirəm, ta bu riski eləmişdin, barı pul da götürərdin, sabah gedib bir şeylər alardıq. Dedi, heç o ağlıma gəlmədi. Ancaq deyəsən Elsevərgil kassanı yarıb pulları bölüşdürüblər...

Mən də əlimə keçən yeməli nə varsa, ciblərim tutduqca yığıb gəlmişəm. Ayə, ye e, ye. Neynirsən pulu?

Bunu niyə yazdım? Deməyim odur ki, dünyaca məşhur muzeyləri yaradanlar nəyi oğurladıqlarının, nəyi taladıqlarının fərqində olublar. Ta gedib "peçenye" oğurlamayıblar.

Ancaq mütəəssir olmağa dəyməz. Biz də sahibsiz deyilik. Tanrı bizim millətdən heç nəyi əsirgəməyib. Hər növ insanımız var.

Mən millətimin hamısını sevirəm. Ancaq pisini lap çox sevirəm. Yaxşısından hər yerdə var. Pislərsə nadir nüsxələrdir. Həm də bu insanlar canlı tarixdir.

O ölkələr ki, min cür əziyyətlərdən keçib nadir nüsxələri toplayıb muzey yaradıblar, bizə bunu Tanrı bəxş edib. Heç bir əziyyət çəkmədən. Bizim ölkəmiz özü-özlüyündə sanki bir muzeydir. İnsanlıq adına mənfi və ya müsbət hansı nadir tapıntı istəsən, varımızdır.

Biz bəzən çox deyirik, yazırıq ki, əxlaqlı, tərbiyəli, mədəni olmaq lazımdır. Doğrudur. Bunlar lazımdır. Ancaq o nadir nüsxələr olmadan olmur.

Bəzən aciz qaldığım məqamlarda o tərbiyəsiz, söyüşçül adamlara həsəd aparıram. Tanrıya yalvarıram ki, heç olmasa bir saatlıq onların yerində olum. Zaman-zaman mən belə insanlara çox rast gəlimişəm – əclaf, əbləh, namərd, adamı kürəyindən vuran, mələk simasında şeytan və sair.

Onlara baxıb həmişə fəxr etmişəm. Düşünmüşəm ki, belə oğulları olan xalq basılmaz.

Belə oğulları olan xalqı heç kim məğlub edə bilməz.

Bütün vəziyyətlərdən çıxış yolu tapan, dünyanın məşhur muzeylərində belə olmayan nadir incilər.

Bir dəfə Moskvada idim. Dedilər, dostlarımız plazma televizorlar satırlar su-badamlı qiymətinə.

Dedim, o necə olur? Axı o televizorlar bahadır.

Qardaş qayıtdı ki, oğurluqdur.

Televizorun da eni doxsan, uzunu yüz yeddi. Məttəl qaldım ki, o boyda televizoru necə oğurlamaq olar?

Sən demə, bizim igidlər hardansa məlumat alıblar ki, uzun "Sovtrans" maşınların birində çoxlu təzə plazma televizorlar daşınacaq. Gözünə döndüyüm igidlər həmin maşın gedə-gedə o televizorları həmin yük maşınından öz maşınlarına yükləyiblər. Təsəvvür edirsiz, maşınlar hərəkətdə olduğu zaman.

Dedim, əzizlərim, əslində onun qiyməti lap baha olmalıdır – canı qiymətinə.

Dedi, narahat olma. Malın dalı gəlir. Sən ikisini al, fürsətdir.

O ki deyirlər e, on bir iqlimdən doqquzu bizdə var, mən buna inanıram, məncə, bu düz söhbətdir.