Əlizadə Nuri - Kəsilmiş başın söhbəti
Ədəbiyyat
08:52 / 27.06.2026
Baxış sayı: 116
Bir sükuta uduzur,
Milyon adamın səsi.
Hara çıxıb getdi ki
O qaraçı nəğməsi?
İndi necə gizləyim,
Mən bu boyda hüzünü?
Quşlar qanadlarıyla
Saxlayıb göy üzünü...
Sudu çağıran bizi?-
Səs gəlir o quyudan.
Daş da intihar edir
Atılaraq qayadan.
Başımı kəsmisən ki,
Baş əyməyim şahlara?
Bir ovuc ümid verin
Paylayım uşaqlara...
...Üşüyürəm, ilahi-
Bu yer üzü əynimə
Köynək toxuya bilmir.
..."Qara kağız"ım gəlib-
Nə yaxşı bu kağızı
Körpəm oxuya bilmir...