KÖLGƏDƏ QALAN SƏDAQƏT
Sədaqət insanın qəlbində səssizcə yanan, amma işığı uzaqlara düşən bir çıraqdır, o çıraq sönəndə isə dostluq deyilən anlayışın divarları çatlayır, münasibətlərin bünövrəsi laxlayır və insan özünü ən çox da güvəndiyi çiyinlərin arasında tək hiss edir.
Həyatın ən ağır dərslərindən biri üzdə gülən, arxada xəyanət edən dostları tanımaqdır, çünki açıq düşmənlə mübarizə aparmaq asandır, amma dost libasına bürünmüş xəyanətkarı seçmək çətindir. İnsan var ki, üzünüzə baxarkən gözləri sevgi danışır, sözləri səmimiyyət toxuyur, amma arxanızca danışanda o sözlərin yerini zəhərli pıçıltılar tutur, o gözlərin yerini paxıllıq kölgəsi bürüyür. Belə dostlar həmişə sizin uğurunuza əl çalır kimi görünər, amma daxilən o uğurun sönməsini arzulayar, sizin sevincinizə şərikmiş kimi davranar, amma qəlbində o sevincin dağılmasını istər. Sədaqət kölgədə qalanda münasibətlər tamaşaya çevrilir, hər kəs rol oynayır, həqiqi duyğular maska arxasında gizlənir və dostluq səhnəsində alqış səsləri eşidilsə də, arxa planda xəncər itilənir. Üzdə gülən dostların ən təhlükəli tərəfi onların səmimiyyət görüntüsüdür, çünki insan inandığı adama qarşı müdafiəsiz olur, sirrini paylaşır, zəif tərəflərini göstərir, dərdini açır və elə həmin zəifliklər sonradan ona qarşı silaha çevrilir.
Xəyanət həmişə böyük hadisə ilə başlamır, bəzən kiçik sözlə, kiçik qeybətlə, kiçik bir yalanla başlayır və zamanla böyüyərək münasibətləri içindən çürüdür. Belə dostlar sizin yanınızda ədalətdən danışar, arxanızca isə sizi haqsız çıxarar, üzünüzə tərif deyər, arxanızca qüsur axtarar, sizin etibarınızı qazanar, sonra o etibarı öz maraqları üçün istifadə edər. Onların ən böyük silahı ikiüzlülükdür, ən böyük gücü isə sizin onlara olan inamınızdır. İnsan çox zaman gec anlayır ki, sədaqət dediyi şey əslində tək tərəfli imiş, o ürəkdən bağlı olduğu halda qarşı tərəf yalnız mənfəət bağları ilə bağlı imiş. Kölgədə qalan sədaqət sükut içində ağlayar, çünki sədaqətli insan çox vaxt özünü müdafiə etməz, susar, bağışlayar, izah axtarar və xəyanəti belə öz səhvi kimi görməyə çalışar. Halbuki, xəyanətkarın problemi sizin çatışmazlığınız deyil, onun xarakterinin zəifliyidir, onun vicdanının sükutudur, onun nəfsinin səsidir.
Üzdə gülən, arxada xəyanət edən dostlar cəmiyyətin ən ağrılı yaralarından biridir, çünki onlar etimadı öldürür, insanın insanla bağını zəiflədir, səmimiyyətə şübhə toxumu səpir. Bir dəfə xəyanət görən insan sonrakı münasibətlərində daha ehtiyatlı olur, daha çox susur, daha az inanır və beləliklə bir nəfərin etdiyi xəyanət başqa münasibətlərin də ruhunu zədələyir. Sədaqət isə həmişə sakitdir, reklam olunmur, özünü göstərməyə çalışmır, o sadəcə var olur və varlığı ilə güvən yaradır. Amma sədaqət qiymətləndirilməyəndə, dəyər görməyəndə kölgədə qalır və yerini saxta səmimiyyət tutur. İnsan bəzən düşünür ki, niyə ən çox zərbə məhz yaxın bildiklərindən gəlir, çünki uzaq olanın gücü çatmır, yaxın olan isə qapını açar, evə girər, ürəyə yol tapar.
Xəyanətkar dost əvvəlcə ürəyə yol tapar, sonra o yolu dağıdar. Onun üçün dostluq bir vasitədir, məqsəd deyil, o dostluğu öz maraqları üçün istifadə edər, işi bitəndə isə arxasını çevirər. Belə münasibətlərdə ən çox əziyyət çəkən yenə sədaqətli tərəf olur, çünki o dostluğu müqəddəs saymış, paylaşımı dəyər bilmiş, sirri əmanət görmüşdür. Kölgədə qalan sədaqət zamanla ya güclənər, ya da sınar, güclənərsə insanı daha ayıq edər, sınarsa insanı içdən boşaldar. Hər xəyanət bir dərsdir, amma hər dərs də ağrısız olmur, bəzi dərslər insanın içində iz buraxır, bəzi izlər isə ömür boyu silinmir. Buna baxmayaraq sədaqət öz dəyərini itirməməlidir, çünki bir neçə ikiüzlü insanın varlığı sədaqətin özünü dəyərsiz etməz, əksinə onun nə qədər nadir və qiymətli olduğunu göstərər.
Nəticə olaraq demək olar ki, üzdə gülən, arxada xəyanət edən dostlar müvəqqəti olaraq qalib kimi görünə bilər, amma zaman həmişə maskaları çıxarır və həqiqi simaları üzə çıxarır, sədaqət isə kölgədə qalsa belə işığını itirmir, doğru insanı tapanda yenidən günəş kimi doğur və insan anlayır ki, əsl dostluq azdır, amma var və o varlıq bütün xəyanətlərin ağrısını unutduracaq qədər güclüdür.
Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.
04.03.2026