Fəxrəddin Teyyub : - Göyərəcək
Düşdü ürəyimə ümid dən kimi,
Deyəsən qışda da yaz göyərəcək.
Taleyin mələyi güldü üzümə,
Cığırım güllənib, iz göyərəcək.
Görən kim barını dərib həsrətin?
Bilinməz ünvanı qərib həsrətin.
Sevənlər küçədə sərib həsrətin,
Hər tində, döngədə naz göyərəcək.
Sevginin tağına Günəş saçılar,
Dönər xatirəyə ağrı- acılar.
Bu payız kiminsə baxtı açılar,
Bu payız, bir gözəl qız göyərəcək.
Verdim əyriyə yox, düzə ömrümü,
Bədxahlar gətirdi gözə ömrümü.
Nə yaxşı, vermişəm sözə ömrümü,
Qəbrimin üstündə söz göyərəcək.