SÜLEYMAN ABDULLA: -KİMSƏ DEMİŞDİ

KİMSƏ DEMİŞDİ
Tikanlı məftillər vardı arada,
Düşmən çəpərisən demişdi kimsə.
Dözməyə bir səbəb olmalı axı,
Tabı, təpərisən demişdi kimsə.
İtmişdi təsiri and-amanların,
İçən vaxtı idi mey yamanların.
Ola da bilər ki, pis zamanların,
Ən şad xəbərisən demişdi kimsə.
Bəlkə də köçübdür içinə şeytan,
Çox vaxt söyləyirik biz cinə şeytan.
Belə görünür ki, içi nə şeytan,
Üzü nə pərisən demişdi kimsə.