Ramiz Qusarçaylı-Nə var, nə yox, Akif Səməd,

Ədəbiyyat 08:54 / 06.07.2025 Baxış sayı: 1342

Bu gün Akif Səmədin anım günüdü...Ruhu şad,məkanı cənnət Akif Səmədin...

***

Nə var, nə yox, Akif Səməd,

Gör kimlər öldürdü səni...

Nə xəstəlik,

nə pul,

nə də

Həkimlər öldürdü səni...

Gül göyərtdin qar üstündə,

Tağın getdi bar üstündə,

Doğma havalar üstündə

Yad simlər öldürdü səni...

Nə düz qalıb, nə də Cıdır,

Ta Qarabağ boyat dadır,

Vətən bağrı çadır-çadır

Təslimlər öldürdü səni...

Dağ çəkən kim yurd dağına,-

Yurd sevinə,

yurd uğuna...

Özgələrin buyruğuna

Təhkimlər öldürdü səni...

Ölümlər öldü qarşında,

Zülümlər öldü qarşında,

Gör kimlər öldü qarşında,-

Nə var, nə yox, Akif Səməd,

Nə var, nə yox...

22 iyul 2014-cü il