Elman Eldaroğlu : -  Həyatda tanıdığım Kişi Adam

Maraqli 18:47 / 21.03.2024 Baxış sayı: 2924

Yardımlıda seyidpərəst, yəni seyidlərə ehtiram göstərən adamlar çoxdur. Hətta onların qəlbini qırmaqdan ehtiyyat edən, sərt sözlərini eşitməkdən qorxanlar da az deyillər...

Mirmahmud Mirəlioğlu da seyiddir. Kərbəlayi Mir Əziz ağanın nəvəsidir. O, Kərbəlayi Mir Əziz ağa ki, sovet hökuməti qurulandan sonra, vəfat edənədək kolxoz- sovxoz məhsuluna əl uzatmayıb. Necə deyərlər, özü əkib, özü biçib və ailəsini son nəfəsinədək halal zəhməti ilə dolandırıb. Heç vaxt da nəzir qəbul etməyib…

Mövhumatdan uzaq adam olsam da, Mirmahmud Mirəlioğluna böyük hörmətim var. Çünki həyatda tanıdığım Kişi Adamlardan biri də odur. Onun illərlə çəkdiyi əziyyətdən, başına gələn hadisələrdən, həyat tərzindən müəyyən qədər xəbəri olan bir adam kimi, bu qənaətə gəlmişəm...

Mövcud şəraiti nəzərə alıb, hətta elə vaxtlar olub ki, ətrafımda olan iş adamlarını, vəzifə sahiblərini şərlənməkdən qorumaq üçün, onunla açıq ünsiyyətdə olmamalırının təşəbbüskarı olmuşam. Amma bu o demək deyil ki, ona olan rəğbətimdə zərrəcə dəyişiklik olub. Əksinə, belə bir təşəbbüslə çıxış etsəm də, onunla şəhid ailələrini, xəstələri, imkansızları zaman-zaman birlikdə ziyarətə getmişik...

İnanın ki, bu istiqlalçı sabiq deputat, haradasa, kiminsə əziyyət çəkdiyini eşidəndə, sanki boynuna haqq gəlirmiş kimi, hökmən reaksiya verir, yardım etməyi özünə borc bilir...

Bəli, Mirmahmud ağa Kərbəlayi Mir Əziz ağanın şəcərə davamçısıdır, onu başqa cür təsəvvür etmək ən böyük səhv olar...

Bu gün martın 21-i, baharın ilk günündə, Mirmahmud Mirəlioğlunu Novruz bayramı münasibəti ilə təbrik edir, Allahdan ona möhkəm can sağlığı, firəvan həyat diləyirəm.

Qoy, bütün aləmlərin AĞASI, ÖZÜ ağaya ZAMİN dursun!

Novruz bayramın mübarək, ağa!