Zakir Bayramlı,  şair-pubilisist, AYBvə    AJB- nin üzvü : - Sevgi və nifrət

YAZARLAR 12:45 / 25.04.2024 Baxış sayı: 1128

 

Tarixən insanın bu dünyaya gəlişinin əsas  məqsədi sevmək,  sevilmək və özündən sonra layiqli iz qoymaq olmuşdur. Çünki sevgi qarşıya çıxan hər çətinliyə qalib gələn güc, qüvvədir. Əyər insan sevirsə və sevilirsə deməli, o xoşbəxtdir. Çünki müdriklər deyib ki, əgər bir adamı heç kim sevmirsə onun üçün yaşamaq mənasızdır. Deməli bizim yaşamağımızın əsl mənası da elə sevib-sevilməyimizdir. Həqiqi sevgini zorla, pul-para ilə,var-dövlətlə almaq mümkün deyildir. Sevgi bizim sevincimiz, xoş ovqatımız, həyatımızın mənasıdır. Sevgi insanı xəstəlikdən, qocalmaqdan,çox dərd-bəladan qoruyur, yeri gələndə ölümdən də xilas edir. Dünyada olan bütün inkişaf, texniki tərəqqi, Ayın və ulduzların fəthi, dünyadakı saysız uğurlar, ixtiralar, elmi-texniki kəşflər hamı sevginin adı ilə bağlıdır. Sevgi xoşbəxt həyat , şən və rahat keçən uzunömürlülük deməkdir. İnsan əgər bu gözəl və yaraşıqlı dünyamıza gəlib ancaq sevməyəcəksə və sevilməyəcəksə onun yaşamasının faydası olmaz, həyatı mənasız və puç hesab olunar.  Allah geniş dünyanı, onun nemətlərini  və yer üzünün əşrəfi-insanı yaratdı ki, insan öz saf və həqiqi  sevgisi və halal əməyilə dünyamızı, onun nemətlərini , həm də  özünü və ətrafını qorusun, nəfsinə sahib çıxsın, tamaha və Şeytana uyub,  heç vaxt ona  xəyanət eləməsin!

Sevgi sözü lüğətdə məhəbbət, eşq, isinişmə, emosional kontakt və ya birləşmə,həvəs və s. mənalarını verir. Hər bir insan üçün sevgi onun doğum tarixilə başlayıb ölüm tarixilə sona çatır. Həqiqi sevgiyə qovuşmaq həyatın ən uca zirvəsini fəth etmək deməkdir. Sevgi daim müsbət emosiyalar yaradır,psixi vəziyyəti yaxşılaşdırır, qan təzyiqini və ürək ritmini normallaşdırır, qanı təmizləyir və durulaşdırır. İştahanı çoxaldır, insanı sağlam və gümrah edir. Əsl sevgi  yaşayan adamın beyni məhsuldar işləyir, inamını, yaşamağa-yaratmağa həvəsini dəfələrlə artırır. İnsan hər işindən,hərəkətindən həzz alır, özünü xoşbəxtlərin xoşbəxti sayır. Ancaq sevgi həm də məsuliyyətdir, sevgini göz-bəbək kimi elə qorumalısan ki, o heç vaxt mənəvi travma almasın, münasibətlər korlanmasın,emosional kontaktlar qırılmasın.

Adətən əlçatan xəyallar, ürəkdən,  zəhmət və reallıq çeşməsindən qidalanan istək və arzular həmişə insanın köməyinə çatıb. Onun sabahkı və gələcək həyat yoluna gur işıq saçıb. İslamda  sevgi özündə zəngin məna və xoş xatirələri birləşdirən incə və gözəl hisslər kimi qiymətləndirilir.

İslam sülh, sevgi, şəfqət, ədalət, mərhəmət, gözəllik, sevinc və xoşbəxtlik dinidir. İslama görə kədərlənmək, məyus olmaq, kin saxlamaq, nifrət etmək yoxdur. Xüsusilə ağlamaq və kədərlənmək cəhənnəm əhlinə xas olan xüsusiyyət kimi izah olunur. Sevgi adlı ali hiss-Allahın insanlara bəxş etdiyi hədiyyədir.Ürəyində əsl sevgi yaşadan insanın üzünə eşq-məhəbbət qapıları həmişə  taybatay açıq olur. Bəşər övladı insan Allahın ona hədiyyə etdiyi sevgi ilə tale qisməti olan özünün yarısına  yalnız öz ağılının,zəkasının, əzm və hünərinin sayəsində qovuşa bilir. Sevgi hər bir insanın özünəxas  şəxsi hissidir.

Sevgi anlayışını hər kəs öz düşündüyü , bildiyi kimi hiss edir. Sevgi insanın qəlbindən, ruhundan qopub gələn hissdir. Bu ülvi, zərif, möhtəşəm hiss insanı xoşbəxt həyata, xeyirxah əməllərə, mehribançılığa, sülhə, rahatlığa və sakitliyə çağırır. Sevgi və ya vurğunluq insanı bir neçə saniyədə dəyişdirmək gücünə malikdir. Sevgini başa düşmək üçün  birinci onu  hiss etməli, sonra isə onun ürəkdən gələn səsini eşitmək lazımdır.Psixoloqlar sevgini biokimyəvi  proses kimi qiymətləndirirlər. Burada genetik amillər, psixoloji təcrübə, hormonal göstəricilər əsas faktor kimi qəbul edilmişdir. Həqiqi sevgi məsələsi rahat və xoşbəxt həyat deməkdir. İnsan həyatı həqiqi sevgi və məhəbbətlə bəzəndikdə dünya daha gözəl və yaraşıqlı görünür. Sevgi məsələsində kişilər bugünkü günlə yaşamağa, qadınlar isə sabaha və gələcəyə daha çox meyilli olurlar. Kişilərdə zəif cinsi qorumaq, onun heyranı və vurğunu olmaq, nazını çəkmək, daim diqqətdə saxlamaq və qayğısına qalmaq kimi instinktiv olmalıdır. Bunlar hamısı  olduqda qadın özünü daxilən rahat və sakit hiss etməklə onun kişiyə olan inamı artır.İnsanın həyatında sevgi sevilmək tələbatıdır. İstər kişi olsun, istərsə də qadın  bu tələbat yaranan andan insan duyğularının sərhədi olmur. Lakin hər bir insanın sevgi duyğularını cilovlamaq qabiliyyəti, onların sərhədini dəqiq  müəyyənləşdirmək və ya çərçivəyə salmaq bacarığı olmalıdır. Bunlar isə  insandan, xüsusilə gənclərdən böyük səbr, möhkəm iradə, psixololoji güc və nəfsi cilovlamaq tələb edir. İlk tanışlıqdan və ya ilk baxışdan gənclər arasında dərhal sevgi yarana bilməz. Buna sadəcə olaraq baxışların toqquşması, xoşa gəlmək və s. kimi ad vermək olar. Bunlar həm ötəri hiss olub, bir müddətdən sonra keçə də bilər və ya sevgiyə də çevrilə bilər. Həqiqi sevgi, yəni bir-birini sevmək  cütlüyün xoşbəxtliyinin zirvəsi deməkdir. Bu xoşbəxtliyin sərhədi yoxdur. Sevən insan özünü gümrah və qayğısız hiss etməklə qəm-kədər ondan uzaq olur. Ovqatı düzəlir,sanki sevən andan elə bil üzünə sevinc yağışı çilənir. Psixoloqlar sevgini 3 mərhələyə bölürlər. Birincini  təəssurat, ikincini heyranlıq, üçüncünü  isə vurulmaq və ya sevmək mərhələsi adlandırırlar. Dünya yaranandan bəri  bəşər övladı gecə-gündüz xoşbəxtlik formulunu axtarmaqda davam edir. Ancaq o hiss etmir ki, xoşbəxtlik elə onun özündə,öz içindədir.

Yeni qurulmuş gənc  ailədə həqiqi sevgi varsa, ailə özünü xoşbəxt hesab edir.  Çünki qurulmuş hər ailənin ömrünün uzunluğu ailədə cütlük arasındakı həqiqi və saf sevgidən aslıdır. Ailəni möhkəmliyi isə bu 3 amildən qaynaqlanır: 1.Ailənin iqtisadi və kommunal-məişət məsələləri; 2.Duyğular; 3.Cütlük arasında intim münasibətlər. Bunların üçündən biri olmadıqda ailə mexanizminin tam möhkəm olmasından söhbət gedə bilməz. Çünki həqiqi sevgi və istək olmayan ailədə normal münasibət, sakit həyat, bir-birinə güzəşt də olmayacaqdır. Ailədaxili acıq-qıcıq, söz-söhbət, mübahisə və münaqişə get-gedə artaraq mənfi nəticələrə səbəb olacaqdır. Sevgi müxtəlifdir. Allah sevgisi, Vətənə və torpağa olan sevgi, dövlət rəmzlərinə sevgi, ata-anaya sevgi, sevdiyi qıza və ya həyat yoldaşına olan sevgi, övlad sevgisı, pula, var-dövlətə olan sevgi və b. Əgər bu sevgilərdən biri Allaha olan segidən artıqdırsa onda o ifrat dərəcəli sayılır və insanda aslılıq yaradır. Hər şeyin həddi-hüdudu olduğu kimi sevginin də ölçüsü, qədəri vardır.

Psixoloqlar bildirirlər ki, bir-birini sevən cütlük arasında yaranan ifrat dərəcəli sevgi, nəticədə sevgi aslılığı deyilən bir xəstəliyə çevrilir. Bu aslılıq insanda  siqaret çəkmək, spirtli  içki içmək, narkotik vasitə və psixotrop maddə qəbulu və s. kimi  mənfi fəsadlar törədir. Sevgi aslılığı sanki insanı dar çərçivəyə salıb sıxır, elə bil o insanın havası və nəfəsi çatışmır. Onun digər maraqları və arzuları da  get-gedə məhv olub gedir. Həmin insanda şadlıq və sevinc əvəzinə  qara fikirlər, müxtəlif şübhələr və qorxular yaranır. İnamsızlıq, gecə-gündüz narahatlıq, yuxusuzluq, müstəqil şəkildə özünü apara bilməmək fikir-xəyallar yetkin sevgi əvəzinə  insanın həyatını məhv edən sevgi aslılığının yaranmasına  və orqanizmə zərər yetirməsinə səbəb olur. Başqa nümunələr: 1. Valideynlərin övlada olan sevgisi ifrat dərəcəli olduqda övladı ərköyün böyüyür. Böyüdükdən sonra isə o, ipə-sapa yatmır, düz yolunu azaraq avara həyat keçirməyi üstün tutur.Bütün ömrü boyu valideynə və cəmiyyətə zərər verir. 2. Pula,qızıla , var-dövlətə,mülkə olan sevgi-  hərislik və tamah  normadan arıq səviyyədə, yəni ifrat dərəsədə olduqda da  insanda həmin əşyalara qarşı  aslılıq yaranır. O, gecə-gündüz yatmır, elə pulunu hansı yollarla artırmaq barədə hey düşünür. Ailədə heç kimə inanmır, ailənin xərclərini hər ay azaldır, bütün dostlar və qohumlar  ondan uzaq düşür. Hamından, hətta özündən də qorxur və şübhələnir. Yuxusu yaman  pozulur,pulunu itirməkdən hey fikir edir, onu tez-tez sayır. Heç kimə əl tutmur, borc verməklə də arası yoxdur. O, pul-paradan aslı vəziyyətdədir. pulları sel-su aparsa və ya yansa o həmin anda da  öləcəkdir.

Sevgi hörmət hissləri ilə cilalandıqda daha möhkəm və uzunömürlü olur. Azərbaycan ailəsinə xas olan gözəl xüsusiyyətlərdən biri də böyüyə  və ailəyə hörmət, milli dəyərlərə, adət və ənənələrə bağlılıq prinsipidir. Bizim eradan əvvəl yaşamış qədim yunan filosofu və alimi Aristotel sevgi haqqında belə demişdir: “ Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqır, həm də özün üçün deyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir”. Alman şairi Henrix Heyne isə sevgiyə belə dəyər verirdi: “Mələklər bunu İlahi zövq, şeytanlar cəhənnəm əzabı,insanlar isə sevgi adlandırıblar”. “Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür”.Fransız yazıçısı Viktor Hüqo isə sevgini belə təsvir edir: “Sevgi ağac kimidir, o, özü-özünə böyüyür, bütün varlığımız boyu dərin köklər atır və çox vaxt yaşıllaşmaqda və çiçəklənməkdə davam edir”.

 

Nifrət sevginin əksi olmaqla insanlara, əşyalara, ideyalara və s. qarşı yaranan emosional reaksiya sayılır. Bu reaksiya çox hallarda ifrat dərəcədə acıq, kin, qəzəb və ikrah hissi ilə nəticələnir. İntiqam hissi alovlandıqda isə daxildəki kin və qəzəb öz yerini düşmənçilik duyğusuna verir və o, intiqam arzusu ilə fürsət gözləyir. Lakin Allah kini,qəzəbi və intiqam almağı sevmir. 

Nifrət də enerjidir, özü də mənfi enerji.  O enerji insanın daxilində yığılıb qaldıqca  içəridən insanı didib parçalayır, ciddi fəsadlar törədir.Sevgi və nifrətdən başqa  laqeydlik anlayışı da var. Laqeydlik-heç bir şeyin fikrini çəkməyən, heç bir hadisə və prosesə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran  etinasız, maraqsız, soyuq, saymaz, bir sözlə, laqeyd insan deməkdir. Əfsuslar olsun ki, cəmiyyətimizdə belə insanlara hələ də rast gəlmək mümkündür. Deyirlər sevgidən nifrətə doğru cəmi bircə addım məsafə var. Ona görə də biz sevmək və sevilmək üçün addımlarımızı elə ehtiyatla atmalıyıq ki, sevgi əvəzinə nifrət qazanmayaq və nəticədə uzunmüddətli peşmançılıqla üzləşməyək. Klassik psixoloji nöqteyi-nəzərindən nifrət- həzz hissinin qarşısı alındığı vaxt insanın içində impulsiv güclərin bir-birilə mübarizəsi baş verir. Psixoloqlar nifrət hissinin ölüm hissi ilə bağlı olduğunu bildirirlər. Çünki daxilində nifrət hissi qaynayan insan  digər tərəfin yox olmasını istəyir.  Körpə süd əmdikdə anaya sevgi hissi bəsləyir. Lakin süd kəsilən kimi anaya acığı tutur, ona nifrət etməyə başlayır.

XVII əsrdə yaşamış filosof Spinoza Benedikt “Etika” əsərində yazırdı ki, sevənlər arasında nifrət qarşılıqlı olduqda o gündən-günə artıb çoxalmağa doğru meyl edir. Bu zaman müxtəlif bəhanələrlə ziddiyyətlər,mübahisələr və münaqişələr  daha da gərginləşir. Ancaq həqiqi sevginin od-alovu qarşısında nifrət hissi tamam əriyib yox ola bilir.

Gəlin, nifrətə  “yox” deyək.   Dünyamızı yalnız sevgi, gözəl ünsiyyət bir-birini başa düşmək, anlamaq,hörmət etmək, ümumi mübarizə üçün birləşmək, bir-birinə güzəştə getmək, yardım etmək və s. xilas edəcəkdir.

 

Zakir Bayramlı,

şair-pubilisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü