ƏLƏSGƏR ƏLİOĞLUNDAN  İKİ  ŞEİR

Gündəm 08:41 / 14.03.2025 Baxış sayı: 2113

 

 

BU AXŞAM GƏLMİŞƏM

TORPAQ PUSMAĞA...

Novruz bayramının ilaxır  çərşənbəsində axşam qapı pusurdular...

 

Yerdən nə səs gəlir, nə səmir gəlir,

Dur dinşə, nə nəfəs, nə hənir gəlir...

Xəyal da yüz yeri hərlənir gəlir,

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Sükut ömürlərin şahıdır burda,

Hökmran əbədi yuxudur burda...

Çayı da göz yaşı axıdır burda...

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Burda bir daşın da cınqırı çıxmır,

Özündən qırağa cığırı çıxmır...

Ha ev yiyəsini çağırım, çıxmır,

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Sükut şəhəridir adı bu yerin,

Həsrətdir qohumu-yadı bu yerin...

Sinəmi qalayır odu bu yerin.

Bu axşam gəlmişəm torpaq pusmağa.

 

Adət-ənənələr yenəmi qalıb,

Ümidlərim bir ağ günəmi qalıb?..

Qapı pusmaq elə mənəmi qalıb,

Bu axşam gəlmişəm torpaq pusmağa!..

20.03. 2024

 

Q A L M İ Ş A M

Sənsizlikdən gözlərimi tor tutub,

Aramıza çəpər çəkib gor, tutub...

Güneyimi yağan güclü qar tutub,

Ərimir ha, elə-belə qalmışam.

 

Tənhalıqmış yolların ən uzunu,

(Ölçüb-biçir alnımdakı yazını!..)

Nə müddətdir yaddaşımın tozunu,

Axşam-səhər silə-silə qalmışam.

 

Düyün düşüb daha ömrün çəmi də,

Səmt gəzirəm bir yelkənsiz gəmidə...

Sinəmdəki kədəri də, qəmi də,

Mən özümlə bölə-bölə qalmışam.

19.06.2024