Balayar Sadiq : - ÜŞÜYƏN UCALIQ
jpg-1745905307.jpg)
Gəldim,
uzaqlar əliboş qaldı…
ağacların danışdığı
rəngdə yorğunam.
Baxışımda çidarlanıb
buludlar
Yaddaşımın çölləri
dağılıb
yaşıllığın təravətinə…
Damarlarımda mələyən
quzuları varaqlayıram
canavar səsinə məktub yazaraq…
Yenə də gec gəldi həndəsə fəsli
Məni unudubdu
bütün rəqəmlər
ağacların danışdığı rəngdə
İndi bir köntöy sözün
üstünə çıxıb
zamanın üzünə
solaxay bir həqiqəti
çırpmaq gərəkdir
ağacların danışdığı rəngdə.
Daha qaldır əllərini
bayraq əvəzi
və unutma,
ucalan bütün bayraqların
üşüdüyü bir ucalıq var
ağacların danışdığı rəngdə…