Saqif Qaratorpaq : - Başım qarışıb özümə,

Başım qarışıb özümə,
Yox kimsəyə ehtiyacım.
Ürəyimin işiğında
Xumarlanır ağrım-acım.
Sıyrılıb çoxdan qopmuşam
Adamların səs-küyündən.
Yox bir zərrə umacağım
Doğmasından,ögeyindən
Eh...sizi də bağışladım,
Arxamca dodaq büzənlər.
Gedirəm...yolum uzaqdı,
Sevinsin məndən küsənlər.
Nə tutmağa ətək gəzdim,
Nə əllərim qaldı boşda.
Ancaq yandı qanadlarım
Ömürlə-günlə savaşda...
Yaramı sözlə sarıdım,
Qanım sızdı ağ varağa.
Bu havaya siz oynayın,
Dostlar,mən çıxdım qırağa.