Arzu Əsəd : - QAŞINMAYIN!

İçərimizdəki türk və türk birliyi, bütöv Azərbaycan düşmənlərini İran prezidenti Pezeşkianın Şəhriyardan oxuduğu bulaq suyu kimi dumduru türkcə misralar qarın ağrısına salır, onlarda ifrazat və düşüncə pozğunluğu yaradır.
Bəzi türk düşməni kosmopolit dostlarımız özlərinə xas bir kustar dərrakə və satirik üslubla ədəbi-fəlsəfi, ictimai-siyasi anlayışları qırıb-tökür, şeirin siyasətlə uzlaşmadığını, cənublu qardaşlarımızla bizim aramızda böyük mədəni-siyasi fərqlər olduğunu, heç bir zaman birləşib bir millət, bir dövlət olmayacağımızı bəyan edir və Pezeşkianın bu şirin ləhçə ilə şeir parçalarının ifasına psevdo intellektual bir əda ilə istehza edirlər.
Dəyərləndirmə və proqnozların neytral, loyal olmadığı, əslində hər bir şəxsin öz istəyini, kin və nifrətini, sevgisini konfet kağızı kimi parıltılı kağıza büküb proqnoz adı ilə ictimai rəyə təqdim etdiyi ağıllı, təcrübəli adamlar üçün məlumdur. Bu millətin kökünü, soyunu danmaqla məşğul olan bu ucuz, meşşan intellekt satıcıları, modern sofistlər psixoanalitik qanunauyğunluqlara görə artıq daha çox söz oynada bilmirlər, onlar içəridən onları belə qeyri-normal üsluba vadar edən nevrozun mərkəzinə yaxınlaşırlar.
Bütün bu söz oyunlarının, türkə, türk birliyinə,Turana, Azərbaycanın bütövlüyünə əyri, çaş və yuxarıdan aşağı baxışların sadəcə fars, rus imperializmi ideologiyasının tör-töküntülərinin olduğu bütün çılpaqlığı ilə görünür. Artıq biz o ideoloji cəbhələşmənin içindəyik. Bu millət öz cəbhəsini tamamilə muəyyənləşdirdikdə nə edə biləcəyini çox gözəl bilir.Böyük Zəfərlə başa çatmış 44 günlük müharibədə əsas devizlərdən biri PUA-ların üstünə yazılan "İti qovan kimi qov" ifadəsi olmuşdu və bu deviz həyata keçirildi.
Bu günkü daxili cəbhələşmənin devizlərindən biri isə Türkiyə liderinin yeni PUA-ların üzərinə yazdığı "Qaşınanı qaşıyarıq" sözləridir. Ağıllı olun, cənablar, türklük bir kafa tasçılığı deyil, bir çox xalqları, etnik qrupları da öz ağuşuna alan böyük bir məfkurədir. Zamana qarşı durmağa çalışmayın. Özünüzü də bu millətin bərabərhüquqlu, ləyaqətli bir üzvü sayaraq müxtəlif bəhanə, fikir və söz oyunları ilə onun birliyinə, diriliyinə mane olmağa çalışmayın.
Qaşınmayın!