Aləmzər Sadıqqızı - Sabahın xeyir!
Bu gecədən sağ çıxan...
Ruhum, sabahın xeyir!
Güzgüdən mənə baxan...
Canım, sabahın xeyir!
Kirpiyindən qan sızan...
Gözlərindən qəm süzən...
Öz içimdən üzülən...
Yarım, sabahın xeyir!
Ey dərdi sorulmayan,
Əzabdan yorulmayan,
Heç rəngi durulmayan,
Qanım- sabahın xeyir!
Ay dünyası qarışan,
Öz-özüylə danışan,
Hər tərəfi pərişan...
Halım, sabahın xeyir!
Açılmaz ki, sandığım,
Səhərədək yandığım,
Diri gözlü açdığım...
Danım, sabahın xeyir!
İlləri ötürdüyüm...
Ayları bitirdiyim...
Qənimət tək bildiyim...
Anım, sabahın xeyir!
Aləm ilə yol gələn...
Hər gün dirilən-ölən...
Tanrı ilə verilən...
Payım, sabahın xeyir