Adil Misirli : -     Çay dəsgahı

YAZARLAR 09:16 / 19.04.2024 Baxış sayı: 789

                                

                    Çay necə dəmlənməli və icilməlidir

Biz çox çaysevər millətik. Vaxtımızın müəyyən hissəsini çayxanada, ya da başqa yerdə çay içməklə keçiririk. Amma açıq deyək ki, çayın dəmlənməsində biz xeyli məqamları doğru yerinə yetirmirik. Bunu nəzərə alaraq çay dəmləmək haqqında bir az ətraflı vəgeniş danışmaq istərdik.

    ... Çay yeməkdən xeyli qabaq içilməlidir. Yeməkdən sonra içilirsə, yeməyə təsir edib onu tam parçalaya bilmir. Yemək yaxşı həzm olunmur, qidalanma düzgün getmir. Maddələr mübadiləsi arzuolunan şəkildə baş tutmur. Çay yeməyə tam qarışa bilmir, öz vəzifəsini lazımınca yerinə yetirmək qabiliyyətindən uzaq düşür. Təbii ki, bu zaman mədədə narahatlıq meydana gəlir. Demək çay yeməkdən öncə içilsə, öz funksiya və vəzifəsinə lazımınca əməl edər.

    Yeri gəlmişkən, bir neçə söz də çayın dəmlənməsi barəsində söyləyək. Əvvəlcə çayniki qaynadılmış su ilə yaxalamaq lazımdır. Sonra birinci olaraq, mütləq şəkildə çaynikə dağ su tökülməlidir. Bundan sonra suya quru çay atılmalı, əlavə edilməlidir. Çünki belə olan zaman çay lazımı qaydada dəmlənir və öz rəngini alır. Əvvəlcə quru çayı çaynikə atıb üstünə su almaq məqsədə uyğun deyil. Axı belə olan təqdirdə zərblə yuxarıdan tökülən su çaynikdəki quru çayı tez bir zamanda parçalayır və çayın tərkibindəki ziyanlı maddələri, eləcə də çay tozunu ayırıb özünə birləşdirir. Çay təbii ki keyfiyyətsiz olur. Quru çay yavaşca  yuxarıdan suya əlavə edildikdə isə çay yaxşı dəmlənir, öz təravət və qoxusunu itirmir. Çay ətirli olur.

     Dəmlənmək üçün çayniki yanan qazın, ya da başqa odun üstünə qoymaq olmaz. Çay dəmə qoyulan zaman od söndürülməlidir. Bəziləri çayniki yanan odun üstünə qoyur, qoy bir buğum dəmlənsin deyirlər. Halbuki belə olanda çay tərkibindəki bütün vitaminləri itirir, çay ləzzətsiz, keyfiyyətsiz olur. Çayı dəmləmək üçün söndürülmüş odun üstünə qoymaq məsləhət görülür. Özü də cəmi 3-5 dəqiqə müddətinə. Bundan sonra çayniki götürüb, üstünə məhrəba, ya da qalın parça qoyub 3-5 dəqiqə saxlamaq lazımdır.

    Çaya kəkotu, mixək, zəncəfil əlavə etmək istəyirsinizsə, bunu mütləq çayniki sönmüş, güclü olmayan, odun üstündən götürəndən sonra əlavə edin. Çünki adlarını çəkdiyimiz ədviyyatlar çaydan xeyli kövrək və zərif olduğundan quru çayla birlikdə eyni vaxtda çaynikə atmaq məsləhət bilinmir. Çox qaynar, isti çay içmək də orqanizmin, mədənin sağlamlığının düşmənidir. Çox qaynar çay içmək aludəsi mədədə xərçəng xəstəliyinin  yaranmasına şərait yarada bilər.

    .... Yaponiyada çay dəmləmək, içmək geniş bir dəsgahdır. Bu adət əsrlərin sınağından keçmiş, xalqın müdriklik və dözümlülüyündən yoğrulmuşdur. Burada səbr və təmkinlə, tələsmədən çay içmək artıq çoxdan adət-ənənəyə çevrilmişdir. Bu yaxınlarda bir çaysevər yaponiyalı həmkarımla bərabər çay içərək xeyli söhbət etdik, ölkədə aparılan geniş tikinti, quruculuq işlərindən söz açdıq. Geniş dünyagörüşü və biliyə malik olan yaponiyalı onunla mənimmənim çay içməyimə, söhbətimə diqqətlə nəzər yetirirmiş. Azərbaycana tez-tez gələn yaponiyalı, bizim mətbəx və adətlərimizdən xəbəırdardır. O lumulu (limonlu) çay içməkdən də danışdı və bu barədə mənim fikrimi soruşdu. Mən ona lumulu çayın faydasından, belə çayın adamı xərçəng xəstəliyinə tutulmaqdan qorumasından, çəkisinin eyni qaydada taraz vəziyyətində saxlamasından, bədəni artır piqmentlərdən əridib azad etməsindən danışdım.  Və onu da qeyd etdim ki, lumunu çaya əlavə edərkən onu dərhal qaşıqla əzib, şirəsini çayla qarışdırmaq lazımdır. Belə olan zaman limondakı bütün vitaminlər tezliklə çayla qarışır, çay ətirli, təravətli, və müalicəvi olur. Onu da nəzərə çatdırdım ki, çaya salınmış limonun sonda çoxları kimi götürüb çeynəmək və ya yemək olmaz. Çünki limon artıq çaydakı çay tozunu və başqa mənfi elementləri özünə çəkmiş olur...

    Qonağın sifətində qəribə cizgiləri gördüm. O, belə qəribə baxışlarla məni sakitcə xeyli süzdü, sonda sifətinə xəfif qızartı çökdü. Nəhayət, o, öz fikrini açıqca söylədi:

  • Sizin xalq çox müdrik xalqdır. Bu özünü bir çox sahədə qabarıq biruzə verir. Ancaq nə gizlədim, sizdə bir çoxları məhz çaydakı limonu sonda ya çeynəyir, ya da yeyir. Bunu isə etmək qətiyyən olmaz. Və nə yaxşı ki bunu bilən, başa düşən həmsöhbətlə qarşılaşdım. Mən bundan çox məmnun oldum. Buna görə ancaq sağ ol deyə bilərəm.

Yaponiyalının dedikləri, təvazökarlıqdan uzaq olsa da, nə gizlədim, məndə xoş əhval, ovqat yaratdı. Biz nə vaxtsa yenidən bir yerdə limonlu çay içmək arzusu ilə, səmimiyyətlə ayrıldıq...