İSMAYIL MƏRCANLI İMANZADƏ : - DANIŞDIM
Lal həsrətim kəsilməyən giziltim,
Həyat məni bərkə çəkdi, üzüldüm.
Kipriyimdən damla-damla süzüldüm,
Söz közərdi, səs boğuldu-danışdım.
Məna gəzdim avazda da, səsdə də,
Dilə gəldim hərdən zildə-pəsdə də.
Bəzən əsdim bir kəlmənin üstə də,
Ürəyimə dərd yığıldı-danışdım.
Bəxt sığışmaz nə ağıla, nə gücə,
Bəlkə alın yazısıymış eləcə...
Dəli könlüm havalandı hər gecə,
Can sızladı, qəlb sıxıldı-danışdım.
Heç bilmədim sular duru axdımı,
Ötən günlər dönüb geri baxdımı?
Əbəs yerə itirmədim vaxtımı,
Bu da elə bir nağıldı-danışdım.