Zakir Bayramlı, şair-pubilisist, AYB və AJ B-nin üzvü : - Sadəlik və təvazökarlıq

YAZARLAR 13:01 / 16.05.2024 Baxış sayı: 4305

 

Sadəlik və təvazökarlıq- bəşəriyyət kimi nəhəng kəşkəhanın içində kiçik ulduza bənzəyən insanın ən  gözəl əxlaqı xüsusiyyətlərindən biridir. Özündənşad,özündənrazı, özündənbəy, özünüöyən, özünüçəkən, təcavüzkar,  kobud,qalmaqalçı, aravuran və s. adamlar nə qədər çalışsalar da sadə və təvazökar insan səviyyəsinə  qalxa bilməzlər. Çünki sadəlik və təvazökarlıq  insandan yüksək  bilik və bacarıqla yanaşı,  büllur kimi saflıq və təmizlik,  iti ağıl , möhkəm səbr və polad  iradə, mərhəmətli , ədalətli və sədaqətli  olmağı  tələb edir. Müdriklər deyib ki:  “ qeyri-təvazökar insan  qəddar insandan da təhlükəlidir. Çünki ikinci yalnız düşmənlərinə qarşı əzazil olduğu halda, birinci  düşmənlərlə yanaşı , dostlarına da zərər vurur”.  

Lüğətlərdə sadəlik sözü- sadə şeyin halı, bəsitlik, sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük və b. mənalarda işlədilir. Təvazökarlıq sözü- ədəblilik, sadəlik, dinclik, sakitlik və s. mənalarını verir. Təvazökarlığa aid əks sözlərə isə lovğalıq, qeyri səmimilik, özündənrazı, qeyri səmimi və digər  sözləri aid etmək olar. Pis əməllərin, haqsız və ədalətsiz davranış və hərəkətlərin sahibi olan bəzi nadan adamlar, xüsusən gənclər insanlarla mülayim və mehriban rəftar etmək əvəzinə daim qürurlanar, özlərini lovğa apararlar. Allahın düz yolu ilə getmək əvəzinə Şeytanla dostluq edər, həmişə sadəlik və təvazökarlıq adlı o gözəl mənəvi nemətdən çox-çox uzaq olarlar. Hamı ilə xoş münasibət yaratmaq əvəzinə min cür fitnə-fəsad törədib aranı qarışdırmaqla məşğul olarlar. Əldə etdikləri var-dövlətlə fəxr edən, şükür etmək əvəzinə qürrələnən belə insanlar mənəvi cəhətdən çox kasıb, fiziki cəhətdən isə gücsüz və zəif olarlar.

Sadəlik və təvazökarlıq yer üzündə yeganə şüurlu varlıq hesab olunan insana xas olan, onun həyatını gözəlləşdirən, onu daha xoş və mənalı edən xüsusiyyətlərdir. Sadəlik və təvazökarlıq insanın daxili aləminin təmizliyi, onun  bəzəyi və yaraşığıdır. Belə insanlar istər ailədə, istərsə də, qohum-qonşuda,iş yerində və ictimai mühitdə hamı tərəfindən sevilir,əzizlənir və hörmət edilir. Çünki sadə və təvazökar adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, həyatda və işdə çoxlu uğurları olsa da özünü başıaşağı və sadə aparır, kollektiv içərisində öyünmür, qürrələnmir, həmişə ümumi sakitliyi gözləyir.Hamı ilə mehriban, nəzakətli və səmimi davranmaqla öz sadəlik  və təvazökarlıq həddini qoruyub saxlaya, ona daim nəzarət edə  bilir. Ona görə ki, lovğalıq, xudpəsəndlik, saymamazlıq,şöhrətpərəstlik, “mənəm-mənəmlik”, bütün insanlara yuxarıdan aşağı baxmaq vərdişi və s. olan insanlarla heç kim kollektivdə və ictimai mühitdə ünsiyyətə girmək istəmir, onlardan uzaq qaçırlar.

Cəsur Oğuz igidlərinin qəhrəmanlığı ilə yanaşı onların sadəliyi və təvazökarlığı  Azərbaycan xalqının ədəbi abidələrinin ilk yazılı nümunəsi olan “Kitabi-Dədə Qorqud” dastanında geniş tərənnüm olunmuşdur.

İslam dinində təvazökarlıq sadəliyin və haqqa tabe olmağın  əsas yolu kimi izah olunur. İslami dəyərlərə görə təvazökarlıq haqqı qəbul etmək və ona boyun əyməkdir. İslama görə insanda təvazökarlıq müəyyən norma həddində olmalıdır. Bu sahədə tarazlığın pozulması düzgün hesab olunmur.Təvazökarlığın az olması təkəbbürlülük, çox olması isə insanda alçaqlıq kimi mənfi keyfiyyətlər yaradır. Təvazökarlığın həddindən artıq olması  nəfsdə lovğalıq kimi özünü büruzə verir. İslam peyğəmbəri Məhəmməd əleyhissalam ona həddindən çox hörmət göstərən insanlara belə müraciət etmişdi: “ Siz məni haqqım olan dərəcədən yuxarı qaldırmayın! Çünki, uca Allah  məni rəsul etməmişdən əvvəl bəndə olaraq yaratmışdı”. Peyğəmbərimiz  misli-bərabəri olmayan sadəlik və təvazökarlıq rəmzi idi. Reyğəmbərimiz həqiqi təvazökarlıq haqqında bu fikirləri söyləmişdi: “ Həqiqətən təvazökarlıq sahibini daha da ucaldır. Odur ki,  təvazökar olun ki, Allah sizi ucaltsın”. “Həqiqi təvazökarlıq -bütün fəzilətlərin mənbəyidir”.

Ümummilli liderimiz Heydər Əliyev dahi şəxsiyyət, alicənab, uzaqgörən, tələbkar,  səmimi və vətənpərvər lider kimi Azərbaycan xalqının yaddaşına əbədi olaraq həkk olunmuşdur. Ulu öndər ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə respublikamizin ayrı-ayrı şəhər və rayonlarındakı  silsilə tədbirlər zamanı əhalinin müxtəlif təbəqələri  ilə maraqlı və yaddaqalan çoxsaylı görüşlər keçirirdi. Həmin görüşlərdə yüksək tələbkarlıqla yanaşı özünü olduqca səmimi,mehriban, sadə və təvazökar aparırdı. Bütün zəhmət adamlarının,ziyalıların, xüsusilə əsgər və tələbələrin, eləcə də yeni işə qəbul olunan və təzə ailə quran gənclərin istək və arzularına olduqca həssaslqla yanaşırdı. Sadəlik və təvazökarlıq kimi ali insani keyfiyyətləri nümayiş etdirən dövlət rəhbəri əsl əxlaq nümunəsi idi. 

Ulu öndər vaxtıkən göstərdiyi səmimiyyət,  sadəlik və təvazökarlığa görə bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır. 

Ulu öndərin ömür-gün yoldaşı, Azərbaycan aftalmologiya  elminə öz layiqli töhfələrini vermiş, akademik Zərifə xanım Əliyeva tibbi, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, öz sadəliyi, mehribançılığı və səmimiyyəti ilə Azərbaycan tarixində  ən müsbət qadın obrazının təkrarolunmaz nümunəsini yaratmışdır. Ümummilli liderimiz Heydər Əliyev  vaxtıkən belə yazırdı: Mənim həyat amalım  bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,  dövlətçiliyimizə, ölkəmizin  iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.

 

Sadəlik və  təvazökarlıq haqqında dahilərin,filosofların və mütəfəkkir şairlərin çoxlu müdrik sözləri vardır. XII əsrdə yaşamış Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin yaradıcılığında sadəlik və təvazökarlıq mühüm yer tutur. Onun “Xəmsə”yə  daxil olan əsərlərində doğruçuluq,düzlük, ədalətlə yanaşı sadəlik və təvazökarlıq xüsusiyyətləri də geniş yer almışdır.Dahi şair  təvazökarlığı ən gözəl əxlaq hesab edirdi. Zülmü, haqsızlığı, özünü başqalarından üstün tutmağı,kobudluğu isə ən böyük təkəbbürlülük əlaməti sayırdı. Böyük mütəfəkkir sadəliyi gözəl mənəviyyat zirvəsini fəth etməyə bərabər tuturdu. Məşhur yunan filosofu Demokrit hələ bizim eradan əvvəl yazırdı: “ Sadəlik -həyatın sevincli anlarını artırıb, insanı ondan həzz almağa yönəldir”.  Qədim yunan alimi Sokrat  təvazökarlığı belə qiymətləndirirdi: “Aza qane olan insan ən təvazökar və varlı insandır. Bu xüsusiyyət insanın daxili zənginliyindən xəbər verir”. Qədim filosof və alim, qədim yunan fəlsəfəsinin zirvəsi, Makedoniyalı İskəndərin tərbiyəçi-müəllimi Aristotel isə  təvazökarlığın yerini belə müəyyən etmişdi: “ Təvazökarlıq utanmazlıqla utancaqlıq arasında orta haldır”. Dahi Eynşteyn təvazökarlıq haqqında belə yazırdı: “ ... Daim narahatlıqla uğur, var-dövlət dalınca qaçmaqdansa, sakit və təvazökar ( sadə) həyat insana daha çox xoşbəxtlik gətirir”.

Sadə, mehriban, səmimi və mədəni insanla kobud adam arasında böyük fərq vardır. Bir müdrik demişdir  ki, bəzi insana danışmağı öyrətmək üçün 2 il vaxt lazım olduğu halda, dilini dinc saxlamaq üçün ona 60 il vaxt sərf etmək lazım gəlir. Məhz buna görə də sadə və təvazökar insanı bütün cəmiyyət üzvləri sevir və hörmət edir. Təvazökar  adam başqaları tərəfindən təriflənən zaman o, bu anda  səbr və  dözüm nümayiş etdirir, özünü şişirtmir,təkəbbürdən və lovğalıqdan uzaq olmağa, özünü sadə aparmağa  çalışır. Xüsusilə rəhbər vəzifədə işləyən şəxslər, o cümlədən gənclər kollektivdə sakitlik, yaxşı və mülayim ab-hava yaratmaqdan ötrü həmişə sadə və təmkinli olmağı üstün tutmalıdır. Əvvəlcə hər bir işçinin təhsil, bilik və bacarığına, fərdi xarekterinə, psixoloji durumuna, ailə vəziyyətinə fərdi şəkildə bələd olmaq lazımdır. Böyük kollektivlərə rəhbərlik zamanı ciddi səhvlər buraxmamaq üçün ən müasir elmi, etik və psixoloji qaynaqlardan,  idarəetmə və ünsiyyət formalarından, eləcə də qabaqcıl təcrübədən geniş istifadə etməlidir.

Sadəlik və təvazökarlıq daxili təmizlikdən, saflıqdan, və nəciblikdən və səmimiyyətdən doğan xüsusiyyətdir. Gəlin, daxilən təmizlənək və saflaşaq, nəzakətli, səmimi və nəcib olaq ki, sadəlik və təvazökarlıq öz mənəvi gözəlliyi ilə  daim həyatımızı bəzəsin!