Xəyalə Sevil - Ürəyimdə bir müsiqi səslənir
Ürəyimdə bir müsiqi səslənir,
Sözləri məndəndi, avazı səndən.
Yaman üşüyürəm bu son zamanlar,
Bir azı qışdandı, bir azı səndən.
Gəlsəm, yolum çatar, çağırsam, səsim,
Gəlmirəm, dinmirəm- gör nə deyirəm.
Uzaqdan-uzağa sevirəm səni,
Yaxından-yaxına qəribsəyirəm.
Nə qədərəm ürəyində bəs sənin?
Boydan-boya, endən-enə ölç, görüm.
Qəliz işdi mənim səndən keçməyim,
Yol yaxınkən özün məndən keç, görüm.