Tahir Rzayev : - " Türk dövlətlərinin birliyi, xalqların rahat yaşaması üçün vacibdir"

SİYASƏT 21:47 / 05.07.2024 Baxış sayı: 1754

“Şuşa şəhərində 5-6 iyul tarixində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşü və görüşdə Azərbaycan, Qazaxıstan, Özbəkistan respublikalarının prezidentlərinin, Türkiyə və Macarıstanın hökumət başçılarının iştirakı türk dövlətlərinin gələcək inkişafı, birliyi və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir”. Bu sözləri    mətbuata açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə vurğulayıb ki, görüşdə dünyada baş verən hadisələrin, problemlərin, təbii fəlakətlərin, iqlim dəyişikliklərinin, müharibələr və qarşıdurmalar nəticəsində yaranan çətinliklərin gündəmə gətirilməsi, davamlı inkişaf və münasibətlərin möhkəmləndirilməsi üçün vacib olan məsələlərin müzakirəsi təbiidir.

“Müzakirə edilən hər bir məsələ sözsüz ki, türk dövlətlərinin birliyi, xalqların rahat yaşaması üçün vacibdir. Çünki dünyada son illər müsəlmanlığa, türkçülüyə qarşı yanlış mövqe sərgilənir və türk dövlətlərinin qarşı-qarşıya qoyulmasına cəhdlər göstərilir. Belə bir dövrdə türk dövlətlərinin bir araya gəlməsi, özlərinin milli təhlükəsizliyinin təmin edilməsi üçün səyləri birləşdirmələri vacib şərtdir və sevindiricidir ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasəti, fəaliyyəti nəticəsində artıq bu birliyin əsası qoyulmuş və əlaqələr ildən-ilə möhkəmlənir.

Şuşa şəhərində keçirilən bu görüş də əlaqələrin möhkəmləndirilməsi və birliyin təmin olunmasına bir dəstək, gələcək inkişafa bir töhfədir. Çünki türk dövlətləri özlərinin xoşbəxt gələcəklərini məhz bu birlikdə, əməkdaşlığın genişləndirilməsində, vacib olan məsələlərin bir yerdə həll edilməsində görürlər. Bu, nəinki türk dövlətlərinin özləri üçün, eləcə də bəşəriyyət üçün, insanlıq üçün vacibdir və türk dövlətlərinin birliyi dünyada sülhün, demokratiyanın, insan azadlığının təmin olunmasına yeni yollar açır. Türk dövlətləri tarixən bəşəriyyətə humanist, sağlam mövqedən münasibət göstərmiş, xalqların birgəyaşayışına, ölkələrin suverenliyinə böyük önəm vermişlər. Bu gün də bu ənənələr davam etdirilir və Türk Dövlətləri Təşkilatının görüşlərində müzakirə olunan məsələlər qlobal problemlərin gündəmə gətirilməsi, insanlıq, azadlıq üçün vacib olan dəyərlərin şərh edilməsi, probemlərə beynəlxalq normalar əsasından yanaşılması bunu bir daha sübut edir”, deyə Tahir Rzayev bildirib.