Məmməd Tahir : -BİR SƏN İDİN, BİR DƏ MƏN

Gündəm, Ədəbiyyat 21:49 / 02.11.2022 Baxış sayı: 5526

 

Payız idi,

Göydə bulud, yerdə çən,

Quru budaq, sarı xəzəl, bir də mən,

Kirkirənin daş gözündə bircə dən,

Dolanırdı bu dünyanın başına.

 

Qayğılıydı qurusu da, yaşı da,

Səslənirdi dolusu da, boşu da,

Dən axtaran, çöp daşıyan quşu da

Dolanırdı bu dünyanın başına.

 

Ya əlinin, ya vəlinin tərkində,

Əli, vəli pirvəlinin tərkində,

Yüz ağıllı bir dəlinin tərkində,

Dolanırdı bu dünyanın başına.

 

Asılmışdı torpağından, daşından,

Çiçəyindən, adamından, quşundan,

Unutmuşdu, yer çıxmışdı huşundan,

Dolanırdı bu dünyanın başına.

 

Mələyinin canından can aldırıb,

Fələyi də əzrayılı qandırıb,

Yer özü də qollarını qaldırıb

Dolanırdı bu dünyanın başına.

 

Mən var idim bir bədəndən ötəri,

Yol gəlmişdim bircə dəndən ötəri,

Ayı, günü elə məndən ötəri

Dolanırdı bu dünyanın başına.

 

Payız idi,

Göy biludlu, yer də çən,

Qurdu yerdə yem gəzirdi, quş da dən,

Ağac altda bir mən idim, bir də sən,

Dolanırdıq bu dünyanın başına.