Məmməd Qədir -Eyləmə
Dərimi çarığa gön eylə, gülüm,
Yorğan dərdlərimə mitil eyləmə.
İstəsən asıllam dar ağacından,
Məni bu ağaca kətil eyləmə.
Məzara dirənir bu ömür andır,
Özün yola saldın, özün dayandır,
Bacarsan bu eşqi özündə yandır,
Sönmüş bir çırağa fitil eyləmə.
Nə imiş məhəbbət,eşq , unutmuşam,
Qatıb göz yaşına həb-həb udmuşam,
Mən daha sevgidən oruc tutmuşam,
Aman, orucumu batil eyləmə.
Di gəl bu dünyadan baş ayır, Şair,
Hər dərdli gününə yaş ayır, Şair,
Söz_söz, şeir-şeir yaşayır Şair,
Məni bu şairə qatil eyləmə...