Rəfail Tağızadə -  Son görüş

Ədəbiyyat 09:32 / 25.11.2026 Baxış sayı: 279

 

Cızılan, pozulan köhnə val kimi,

özündən narazı, yorğun, lal kimi

bir yarpaq oynayır torpağın üstə.

Küləklər oynadan bomboş zal kimi

yarpaqlar oynayır torpağın üstə;

qanı tam sorulmuş ürəyim kimi,

bükülən, əyilən kürəyim kimi,

saralıb tökülən quru yarpaqlar

sakitcə xışıldar ayaqlar altda.

Hərdənbir yavaşca danışar, susar,

bəzən baxar, baxar altdan yuxarı;

boğazlar quruyar, ayaq tutular.

Sonra ağır-ağır nəfəsin çəkib

bir payız sevdası danışar sənə.

Sözlər qırıq-qırıq, səs qırıq-qırıq.

Birdən bir ufultu gələr dərindən.

Ürəyin qırılan şah damarıtək,

yarpağın onurğa sütunu sınar.

Bitər xatirələr.

Bu da son payız...

Küləklə oynayan, kölgələr salan

yamyaşıl, beşbarmaq çinar yarpağı

sonda ayaq altda ovuldu getdi.

Bu da bir ömürdü, sovuldu, getdi.

O isti, o canlı ömür üşüdü,

son görüş yenə də payıza düşdü.