İlhami Cəfərsoy : - Ş İ R K Ə T və MARKET adları
Bakıda otuz il şirkət adlarını ingiliscə, market adlarını fransızca görməkdən gözlərimin kökü saralmışdı. Vətənə qayıtdım ki, onları ana dilimdə oxuyum, bəbəklərim kor olmasın. Səhəri gün çörək almağa getdim, marketin üstünə Bravo yazılmışdı. Geri qayıdıb evimin divarlarında topa-topa mamır bitirdiklərinə görə tikinti şirkətinə minnətdarlığımı bildirmək istədim, şirkətin adı Konqo idi. Bir qədər toxdayıb Aşağı Gövhər ağa məscidinə üz tutdum. Məscidin İrangenli gözətçisi farsları tərifləyib, türkləri pisləməklə məşğul idi. Ona ana dilimizdə Günaydın dedim, ərəb ləhcəsilə saleymunaleykum cavabını verdi. Bir azca təskinlik tapmaq üçün aşağıya Xanın kəndinə endim. Qarabağ Universitetində dedilər bizə ingiliscə salam ver. Ballıca yolunda 4 nəfər Cəmilli sakini ilə görüşdüm. Kövrəlib ağlamsındılar ki, bizi öz kəndimizə yox, Xənəzək adlı erməni kəndinə qaytarmaq istəyirlər. Soruşdum ki, nəyə görə? Cavab verdilər Cəmilli kəndi şəhərə bitişik olduğundan baha qiymətə satacaqlar. Günorta olmuşdu. Qayıtdım İsa bulağına çörək yeyim, mənə Naxçıvanik ləhcəsində qiymət oxudular. Üzümü göylərə tutub Ulu Tanrıma yalvardım ki, Cəlil Məmmədquluzadə ilə Mirzə Ələkbər Sabiri diriltsin. Muradım hasil olmadı. Ona görə aşağıdakı misraları ürəyimdən kağıza özüm köçürməli oldum.
Moizəmiz ərəbcə,
Surələri həmd olub.
Marketimiz Bravo
İngiliscə qənd olub.
Şirkətimiz Konqodur,
Zəncilərə bənd olub.
Köynəyimiz burdadır,
Gödən Çində, Maçində,
Özgələrə qul olduq
Öz evimin içində.
Baxan yoxdu, ölkədə
Qızıl kimi söz danış.
Əgər qulaq kardısa,
Əyri danış, düz danış...
Yetim kimi əlini
Ətəklərdən üz danış.
Düşən çöpü görmürük
Gözümüzün içində,
Özgələrə qul olduq
Öz evimin içində.
Düz yeriyə bilmirik
Əyri gedən yolları.
Dörd yanımız gicirtgan,
Böyrütikan kolları.
Doğru qapı dalında,
Öğru sayır dolları.
Burda səsi bərk çıxır
Dəmşalağın, gicin də,
Özgələrə qul olduq
Öz evimin içində.