Əlizadə Nuri : - Sinəm- karvan yeridi...

Ədəbiyyat 14:49 / 07.07.2024 Baxış sayı: 3140

 

Qəm bir şeir kimidi,

Qafiyəsi kimiyəm.

Bu qələm can üstədi-

Son nəfəsi kimiyəm.

 

Sən çağırdın axşamı?

Bu, gedənə oxşamır.

Kədər yandıran şamın

Pərvanəsi kimiyəm...

 

Kimdi qəmi suvarır?

Qoy dincəlsin su barı.

Eşq axıdan suların

Fəvvarəsi kimiyəm.

 

Qalar, min işim qalar,

Ölüm irişib qalar...

...Tora ilişib qalan

Balıq səsi kimiyəm.

 

Yer üzü qan yeridi,

Ömrün yaman yeridi.

Sinəm karvan yeridi-

Qum dənəsi kimiyəm...