Ceyhun Bayramov Mahmud Abbasla görüşdü 

SİYASƏT 09:04 / 31.03.2023 Baxış sayı: 1576

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.

Yenises.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.

Prezident Mahmud Abbas ilk öncə Ulu öndər Heydər Əliyevlə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb və salamlarının cənab Prezidentə çatdırılmasını xahiş edib. Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Nazir Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.