Aləmzər Sadıqqızı - Sözüm bitməyib...

Ədəbiyyat 18:43 / 02.11.2026 Baxış sayı: 406

 

Həyat, mən səni sevdikçe,

Məni ürəyimdən vurdun...

Nə zaman uçmaq istəsəm,

Dönüb kürəyimdən vurdun...

 

Fələk məni ağlatdıqca,

Yapışdım ətəklərindən.

Bir ömürdü ağrıyıram,

Yediyim kötəklərindən!

 

Nə Allaha üz çevirdim,

nə səndən bircə an doydum.

Ey məni sevməyən həyat,

Yolunda canımı qoydum!

Mən bir bəyaz göyərçindim...

Heç bulaşmadım çirkinə.

Məni al qana boyadın,

Mən gülümsədim əksinə...

Qoyma bu Aləmi ölsün,

Hələ də sözüm bitməyib...

Dizimdə taqət bitsə də,.

İçimdə dözüm bitməyib...

1.11.2025.