Xatirə Fərəcli - DÖNÜB HARDAN BAXSAM
Dönüb hardan baxsam, nə cür düşünsəm,
Yenə bu sevginin məzarı hazır.
Ürək ha titrəyə, əsə səninçün,
Ağıl nə hökm edir, onu da yazır.
Gəldin, varlığının təntənəsində,
Unutdum hər kəsi, dünyanı belə.
Səndən əvvəl nə var, silinib getdi,
Budur elə sevgi, eşq budur elə.
Uğruna hər şeyi qurban edəsi,
Ömür veriləsi hissdir belə hiss,
Unuda bilmirəm unudam getsin,
Bağrıma basmağım unutmaqdan pis.