Xanım İsmayılqızı- İndi həmin həyətdə

Ədəbiyyat 10:33 / 16.09.2025 Baxış sayı: 1899

İndi həmin həyətdə

rəngli çiçəklər açmır.

Tikanlar baş qaldırıb,

kəpənəklər də uçmur.

 

Yağışların döyməyə

pəncərəsi qalmayıb.

Küləklər azad olub,

qəhqəhəsi qalmayıb.

 

Gecə ilə gündüzün

üzünə də baxan yox.

Nə uzaqdan gələn var,

nə yoluna çıxan yox.

 

Sükutun özü belə

əvvəlkinə oxşamır.

Deyəsən həmin qadın

buralarda yaşamır.

2014.