Xanım İsmayılqızı - Gəlir...

Ədəbiyyat 10:24 / 06.08.2025 Baxış sayı: 2128

Bapbalaca körpəyə

Tay-tuş olmağım gəlir.

Yuvasında qıvrılan

Bir quş olmağım gəlir.

 

Yükü çiynindən satan,

Bütün ömrünü yatan,

Xoşbəxtliyində batan

Sərxoş olmağım gəlir.

 

Yoxluğa yazıb adı,

Atıb doğmanı, yadı,

Xarabalar övladı

Bayquş olmağım gəlir.

 

Öz əllərindən itib,

Son kəlməsində bitib,

Gedib, gedib və gedib

Bihuş olmağım gəlir.