Ülkər Nicatlı - Bayraq
Mənası uludur, hikməti dərin,
Qanından rəng alıb neçə min ərin.
Şuşa qalasını alan əsgərin,
Təbəssümlə dolu üzüdür bayraq.
Ürəklər boyuna açıb qucağın,
Şərəf tarixidir ötən hər çağın.
Millətin qəlbində yanan ocağın,
Heç vədə sönməyən közüdür bayraq.
Bir üzü Turandı,bir üzü "Quran"
Qalalar endirən, sərhədlər quran.
Ogul qəbri üstə səssizcə duran,
Şəhid anasının gözüdür bayraq.
Şanlı zəfərinlə ,vətənim, tanın
Şəhid ətirlidir damarda qanın.
Qələbə soraqlı Baş Komandanın,
Yurdda dalğalanan sözüdür bayraq.
Dağlarda qalmayıb nə duman nə çən,
Şöhrətin boy verir zirvələrəcən.
Bu torpaq uğrunda canından keçən,
Şəhid oğulların özüdür bayraq.