Tahir Rzayev : -  "Beynəlxlaq qurumlar Cənubi Qafqazda möhkəmlənməyin açarını Ermənistanda axtarırlar."

SİYASƏT 20:18 / 25.03.2024 Baxış sayı: 891

NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz respublikalarına səfəri müəyyən məqamlardan xəbər verir. İlk səfərin Azərbaycana edilməsi də buna əsas verir. Çünki Azərbaycan artıq Cənubi Qafqazda öz gücü, öz potensialı olan, iqtisadi cəhətdən inkişaf etmiş, möhkəm müdafiə qabiliyyətinə malik olan bir respublika kimi tanınır. Qələbədən sonra Azərbaycana münasibət tamamilə dəyişilmişdir. Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və əmin-amanlığın qarantı kimi tanınır. İkinci səfər Gürcüstana oldu. Gürcüstanda da müəyyən görüşlər keçirdi. Məlum olduğu kimi, Gürcüstan NATO-ya meyillidir. Avropa dəyərlərinə, Avropa İttifaqı ilə birliyə yaxından can atır. Sözsüz ki, bu münasibətlər genişləndirilir və NATO-nun timsalında Gürcüstanın həyata keçirdiyi tədbirlər hər birimizə yaxşı məlumdur. Ermənistana gəldikdə isə, hazırda bu ölkə tamamilə Avropaya yaxınlaşmaq, hətta NATO-ya üzv olmaq fikrindədir və havadarlarının sayəsində bir növ buna nail olmaq cəhdləri göstərir. Sözsüz ki, müharibədə aldığı ağır zərbələrdən sonra bu gün Ermənistan özünə yeni havadarlar axtarır və tamamilə Rusiyadan uzaqlaşmaq fikrindədir. NATO və Avropa İttifaqı, eləcə də digər beynəlxlaq qurumlar Cənubi Qafqazda möhkəmlənməyin açarını Ermənistanda axtarırlar. Çünki xəyanətkar Ermənistan bu gün nəinki əvvəlki havadarlarına, eləcə də dostlarına xəyanət yolunu tutub. 

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev   mətbuata   açıqlamasında bildirib.

 

T.Rzayev qeyd edib ki, sözsüz ki, bu səfər Ermənistanın bəzi dairələri üçün çox böyük əhəmiyyətli bir görüş olmaq məsələsini ortaya qoyursa, ancaq əslində belə deyildir. Çünki, ABŞ-nın rəsmi dairələri, Fransa başda Emmanuel Makron,  eləcə də Almaniya və digər ölkələr olmaqla Rusiyanın tamamilə sıxışdırılmasının tərəfindədirlər, onlar erməni kartından istifadə edirlər. Görüşlərdə Paşinyan Rusiyaya qarşı mövqeyini bir daha ortaya qoymuşdur. Xüsusən Azərbaycanın öz Qələbəsini təmin etməsində Rusiyanın günahkar olması bir fikrini yaradır. Belə bir fikir irəli sürülür ki, bu görüşlərdə əslində Rusiya Azərbaycan tərəfindən çıxış etmişdir. Ancaq bunun heç bir əsası yoxdur. Çünki Azərbaycan öz haqlı, ədalətli mövqeyini qoruyub saxlamış və torpaqlarını azad edərək öz suverenliyini tam bərpa etmişdir. NATO-nun baş katibinin Cənubi Qafqaza gəlməsi həm də bir hesabat xarakteri daşıyır. Çünki artıq o,  vəzifədən getmə ərəfəsindədir. Belə bir zamanda o özünün fəaliyyətini qiymətləndirmək və dəstək qazanmaq baxımından bu səfərləri edir. Ancaq bir məsələ düşündürücüdür ki, bu səfər Ermənistana yaxşı heç nə vəd etmir. Çünki Ermənistan bu gün qonşu dövlətlərlə tam düşmənçilik mövqeyində çıxış edir. Həm Rusiyanın, həm Azərbaycanın, həm Türkiyənin, həm də İranın əleyhinə siyasət yürütməkdədir.  NATO-nun Cənubi Qafqazda, eləcə də Ermənistanda möhkəmlənmək cəhdləri Rusiyanın tamamilə ziddinədir. İranın milli təhlükəsizliyinə bir qəsddir, eləcə də Azərbaycan üçün əlverişli deyildir. NATO baş katibi də bunu yaxşı bilir. 

eputat bildirib ki, əlbəttə ki, bu gün nə Avropa İttifaqı, nə NATO, eləcə də Qərb Cənubi Qafqazda sabitliyin bərpa olunması üçün cəhdlər göstərmirlər. Əksinə burada möhkəmlənmək üçün müharibənin davamlı olması fikrindədirlər. Brüsseldə, eləcə də digər regionlarda keçirilən çoxsaylı görüşlər də bunu deməyə əsas verir. Sözsüz ki, bu görüşlərdə sülh danışıqlarına, sülh müqaviləsinin bağlanmasına deyil, müəyyən məsələlərin gərginləşdirilməsinə daha çox üstünlük verilir. Bu da beynəlxalq normalara ziddir, ölkələrin suverenliyinə təhdiddir və dövlətlərə diktə yolunun tutulmasıdır. İstər Avropa İttifaqının, istər Fransanın, Almaniyanın, eləcə də ABŞ-nin bugünkü siyasəti nəinki Cənubi Qafqazda, ümumilikdə dünyada münaqişələrin qızışdırılmasına, xalqların bir-birinə qarşı qoyulmasına hesablanmışdır. Çünki bundan bu dövlətlər öz məqsədləri üçün istifadə edir, silahlarını satır və təcavüzkarlıq siyasətini yürütməyə nail olurlar.

Azərbaycan Prezidenti İlham Əliyev dünyada gedən proseslərdən, ölkəmizə yönəldilən təhdidlərdən, təsirlərdən yaxşı xəbərdardır. Ona görə də  bu cəhdlərin heç bir təsiri olmayacaqdır.  Ermənistan tutduğu bu yoldan əl çəkməlidir. Bu ölkə bu gün Rusiyaya qarşı dura bilməz. Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması, onun müəyyən müqavilələrdən imtina etməsi Ermənistanın faciəsi ola bilər. Çox təəssüflər olsun ki, Paşinyan bunu hələ də dərk etmir və o, havadarlarının qoltuğuna sıxışaraq özünün çirkin məqsədlərini həyata keçirmək fikrindədir. Sözsüz ki, Azərbaycan, İran və Türkiyə, eləcə də Rusiya bu məsələlərə biganə qala bilməz.