ŞUŞA  DÖYÜŞÜ - Əşrəf Veysəlli

Ədəbiyyat 21:07 / 08.11.2025 Baxış sayı: 805

 

Bu da əsrimizin Şuşa döyüşü,-

Bu də nəslimizin təzə mərdliyi.

Sözdü,- danışsalar, gözdü,- görsələr,

Tanrım gətirməsin gözə mərdliyi.

 

Bu bir haqq savaşı,- möcüzə döyüş,

Necə də yaraşır gör bizə döyüş...

Bu da əlbəyaxa, üz- üzə döyüş,

Çevirə bilmirəm sözə mərdliyi.

 

Keçib keçilməyən o şırımları,

Aşıb aşılmayan aşırımları ,

Keçirib qoluna ildırımları

Özəl ordumuzun özəl mərdliyi.

 

Sevinc duyğuları qəmləri təklər,

Coşub yallı gedər yallar,gədiklər...

Tarzən öz tarını " cəngi" yə köklər,

Aşıq təlim edər saza mərdliyi.

 

Nəmli gözləriylə odlar götürən,

Qisasa səsləyən, vəcdə gətirən,

Şəhid tabutları altına girən

Analar öyrətdi bizə mərdliyi.

 

Dünya yalanlardan bezər sonucda,

Haqqı,ədaləti çözər sonucda.

Hərbi dərsliklərə yazar sonucda,

Bu ər döyüşünü,gözəl mərdliyi.

16 avqust, 2021- ci il.