SÜLEYMAN ABDULLADAN  ÜÇ ŞEİR

Ədəbiyyat 15:24 / 03.10.2024 Baxış sayı: 1260

VARMI?

Sənə qovuşmağa it cığırı yox,

Səni unutmağın bir yolu varmı?

Öndə ayrılıqdı, dalda göz dağı,

İnciyib getməyin sağ-solu varmı?

 

Adama nə gəlsə gələr özündən,

Doğru ədasından, yalan sözündən.

Dünya bərqərardır bir "ol" sözündən,

Bu qədər "olmaz"ın bir "ol"u varmı?

 

Vəfa dediyinin "sız"ı çox qədim,

Daha nə sözüm var sənə, nə vədim.

Mən sənin qəlbinə girə bilmədim,

Bilmirəm şifrəsi, parolu varmı?

EY DOST

Bu gün də axşama unudulacaq,

Qalmaz sabahacan bir anı, ey dost.

Çıxdı sonumuza saxta and yeri,

Heç kimin qalmadı amanı, ey dost.

 

Adamın nahaqdan sıxılır canı,

Ürək sevindirən bir səbəb hanı?

İnsaf umduğunun yox imiş qanı,

Çıxdı su üstünə samanı, ey dost.

 

Bir qozluq dəyəri yox üç badamın,

Alanı, satanı yoxdur qadamın.

Ağlına gələnlər olmur adamın,

Olur ürəyinə damanı, ey dost.

 

"FANTA"LI-"KOLA"LI ŞEİR

 

"Fanta" qapağında bəxt axtaran kəs,

Orda uduş nə ev, nə də maşın var.

Olsun ki, udasan balaca qabda,

Uduzmaq üçündür "Kola" oyunlar.

 

Uduzmaq üçündü bütün oyunlar,

Özünə çəkmədi kimi tamahı?

Kopük yırğalanır qapaq altından,

İştaha edəndir səbrindən şahı.

 

İştaha edəndir səbrindən şahı,

Çətin getmək olur nəfslə yola.

Bəlkə bəxtimizi biz də sınayaq,

Gedək "Fanta" alaq udmağa "Kola".