Saqif Qaratorpaq -  Sübh açılır...Şeh düşür

Ədəbiyyat 15:21 / 09.09.2025 Baxış sayı: 3062

***

Sübh açılır...Şeh düşür

Bir sözün dodağına.

Bir misra qonaq gəlib

Könlümün otağına.

Xəyalım azıb qalıb

Yazla qış arasında.

Bir şeir çiçəkləyib

Qələmin qarasında.

Açılıb sağ əlimlə

Ağ varağın yaxası.

Demək,belə olurmuş

Bir sevdanın bahası...

Barmaqlarım tuş gəlib

Bir gülün tikanına.

Hansı qapını döyüm,

Gedim kimin yanına?!

Heyif,daşa toxunub,

Sınıbdı eşqin camı.

Sacımdan gül qoxusu,

Üst-başımdan söz damır...