"Şantaj və yalan  yola qədəm qoyan insanlar  “Sərhədsiz Reportyorlar”ı gülünc vəziyyətdə qoyur" - Tahir Rzayev, komitə sədri

SİYASƏT 17:49 / 06.05.2024 Baxış sayı: 1011

“Azərbaycana qarşı aparılan məkirli təbliğat, böhtan, şantaj kampaniyası bir mərkəzdən idarə olunur. Fikir verin, AŞPA Azərbaycanı insan haqlarının pozulmasında, ölkəmizdə demokratiyanın olmamasında günahlandırır. Bunu ABŞ-nin Dövlət Departamenti də elan edir. Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabe də bu ifadələri işlədir. "Sərhədsiz Reportyorlar" da onların dediklərini bilavasitə təkrarlayır. "Sərhədsiz Reportyorlar"ın 2024-cü il üçün illik Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 164-cü yerə yerləşdirilib. Bu faktların nəyə əsaslandığı barədə isə dəqiq məlumat verilmir. Azərbaycanda guya jurnalistlərin təqib olunmaları, həbs edilmələri, onlara qarşı müəyyən tədbirlərin görülməsi, “insan hüquq və azadlıqlarının pozulması” bir qrup insanlar və təşkilatlar tərəfindən daim gündəmə gətirilir, Azərbaycan tənqid obyektinə çevrilir. Ancaq “Sərhədsiz Reportyorlar” nədənsə Fransada müsəlman uşaqların məktəbə buraxılmamasını, açıq aksiya keçirənlərə qarşı zor tətbiq edilməsini, Amerikada tələbələrin aksiyasının zorla dağıdılmasını, küçədə adamların öldürülməsini, Ermənistandakı acınacaqlı vəziyyəti gözməzdən gəlir, özünü görməzliyə vurur. Bu adıçəkilən ölkələrdə guya demokratiyanın vüsət aldığını, insan haqlarının qorunduğunu utanmazcasına bəyan edirlər...” 

Yenises.az  bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. 

T.Rzayev bildirib ki, şantaj və yalan istər bu yola qədəm qoyan insanları, istər AŞPA-nı, istər ABŞ-nin Dövlət Departamentini, istərsə də “Sərhədsiz Reportyorlar”ı gülünc vəziyyətdə qoyur, onlara qarşı inamsızlıq yaradır: “Haqlı olaraq hazırda dünyanın bir çox ölkələri bu təşkilatların bəyanatlarına, hesabatlarına, “indekslərinə” inanmırlar. Belə hallar nifrətlə qarşılanır. Onsuz da, “Sərhədsiz Reportyorlar” Azərbaycana qarşı həmişə qərəzli mövqedə olub. Bu gün də o mövqe ortadadır. Çünki bunlar haqqa, ədalətə, reallıqlara deyil, ayrı-ayrı lobbi təşkilatlarının maliyyə vəsaitlərinə arxalanır, onlardan bəhrələnirlər. Müstəqil dövlətlərdə hərc-mərclik yolunu tutmaqla daha çox vəsait əldə etmək məqsədi güdürlər. Fikir verin, bu təşkilatların, mətbuat orqanlarının məkirli məqsədlərinin nəticəsidir ki, Ukrayna od tutub yanır, Gürcüstanda qarşıdurmalar geniş vüsət alıb, Ermənistanda vəziyyət dözülməz haldadır. Digər ölkələrdə də belə hallar var. Həmin ölkələr öz talelərini, müqəddəratlarını özləri həll etməyə borcludurlar. Ancaq yad təsirlər, şantaj xarakterli məlumatlar, insanların qarşı-qarşıya qoyulması bir təsir vasitəsidir. Bunlar da “demokratiya”, “insan haqları”, “söz, mətbuat azadlığı” bayrağı altında mənfur niyyətlərini həyata keçirirlər. Sözsüz ki, belə hallar ölkələrin gələcəyinə, xalqların xoşbəxtliyinə deyil, onların ağır bəlalar çəkmələrinə zəmin yaradır. Azərbaycan xalqı dünyada gedən reallıqları artıq dərindən dərk edir. Çünki haqq-ədalətin necə “yerinə yetirildiyini” 30 ildə torpaqlarımız işğal altında olanda gördük. Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edib, qələbə çalıb, ancaq ölkəmizə qarşı təhlükələr var. Faşist Ermənistan və onun havadarları bir “demokrat”, “humanist”, “sülhü”, “azadlığı” təmin edən kimi təbliğ olunurlar. Bizim gücümüz özümüzdə, xalqımızın birliyində, Prezidentimizin qətiyyətində, Orudumuzun məharətindədir. Buna görə də anti-Azərbaycan təbliğatı artıq bizə təsir edə bilmir və heç vaxt təsir edə bilməyəck”.