Şakir Xanhüseynin  TƏR  ŞEİRLƏRİ

Ədəbiyyat 10:51 / 28.04.2024 Baxış sayı: 1382

1

***

səslər qarışıb bir-birinə çöldə,

nəfəslər qarışıb...

sanasan əllər də qarışıb bir-birinə,

qollar da...

yox, həyatlar qarışıb bir-birinə,

ən hərəkətli anlar, saatlar qarışıb;

nə gözəldi ruhumuzu aydınladan

bu qara işıq!

2

***

səmaya qonub quşlar--

səmada quşların qonduğu ağac var,

budaq var,

quşların qonduğu torpaq var səmada...

hər ürəyə çatmayan,

bəlkə hələ

yerə gəlib yetməyən işıq var səmada,

düşəcək bir gün üstümüzə--

könlümüzə, gözümüzə, üzümüzə!

3

***

biz oyanırıq,

yatır yavaş-yavaş səslər,

gedir yatmağa gecə...

qorxmayın,

qoruyacaq tanrı dərgahında

dualar bizi, arın-arxayın olun,

əmin olun,

haqqa, ədalətə,

düzlüyə, dürüstlüyə yəmin olsun!

28.04.2024