MÜHARİBƏ BİZİM İMANLI NƏSLİNDƏN DƏ YAN KEÇMƏYİB

YAZARLAR 21:54 / 09.05.2024 Baxış sayı: 1362

 

Üzrlü səbəbə görə bu gün Feysbukla bir az gec təmasda oldum. Yaxın-uzaq dostlar və ya tanıyıb-tanımadığım şəxslər 9 May Qələbə günündə vaxtıyla İkinci Dünya Savaşına qatılan (İllər boyu bu savaşı İkinci Vətən Müharibəsi kimi bizə təlqin eləyiblər) ata-babalarından söz açırlar, onların əldə olan şəkillərini nümayiş etdir, həmin müharibənin iştirakçısı olan əzizlərindən söz açırlar. Mən bu məqamda o qanlı savaşda ölümlə üzləşənlərin hamısana Allahdan rəhmət diləyir, çox az sayda qalan veteranlarımıza can sağlığı arzulayıram.

Böyük Mərcanlı kəndində İsmayıl uşağa tayfasının bir qolu oan nəslimizə İmanlılar deyirdilər, bu ad babam İman kişinin adıyla bağlıdır və yeri gəlmişkən, hazırda əhalisi 12 min nəfərə yaxınlaşan doğma kəndimdə bu soyad yalnız İman babamın törəmələrinə aiddir.)

İman babamın Gülmağa adlı bir qadından (Gülmağa nənəm kəndimizin Xırdapara tayfasındandır) 12 oğlu və 7 qızı olub. Gülmağa nənən rəhmətə gedəndən iki il sonra babam İman kişi kəndimizdəki Sərkarlı tayfasından olan bir dul qadınla evlənib və onun Gülüstan adlı qızını öz övladı kimi böyüdüb. (Rayonumuzun işğalından sonra qərib eldə dünyasını dəyişən Gülüstan mamam sözün əsl mənasında nur timsallı bir qadın idi).

Əmilərimdən ikisi (Adlarını özüm də xatırlamıram, sonralar iş-işdən keçəndən sonra anladım ki sovetlər dönəmində böyüklərim də onların adlarını qorxularından dillərinə gətirməkdən ehtiyat edirmişlər) 1918-ci ildə türk ordusunun bir bölümü Naxçıvandan, Zəngəzuru adlayıb Cəbrayıldan keçəndə onlarla birlikdə döyüşə qatılıblar. Və Kürdəmir istiqamətində şəhid olublar. Əmilərimdən Kərim İman oğlu müharibənin ilk günlərindən sovet ordusu sıralarına qatılıb və iki ildən sonra “qara kağız”ı gəlib. Qəbrinin harda olduğu məlum deyil. Onun dul arvadı Lala bibim Mehdi (Meti) və Zibeydə adlı iki övladını böyüdüb, ərsəyə çatdırıb. Mənim evimin qonşuluğunda yaşayan bu qadının necə fədakar və zəhmətkeş olduğunu həmişə ehtiram hissiylə xatırlayıram. (Böyük Mərcanlıya atılan ilk “Qrad” mərmisi onu nəvəsi Naridə müəllimənin evində qanına qəltan etdiyini və onu dədə-baba qəbristanlığımızda,-dədəm Səlim İman oğlunun qəbrinin yanında dəfn etməyimizin müsibət də ağrılı yaddaşımdadır. (Həmin vaxt erməni silahlıları qəbristanın bir kilometrliyindəki Şəybəy kəndində qərar tutmuş və dəfn zamanı bir neçə dəfə bizi atəşə məruz qoymuşdular.

Deyəsən kövrək xatirələr məni çox-çox uzaqlara çəkib apardı. İkinci Cahan Savaşı İman babamın nəslindən də yan keçmədi. Misir əmim səfərbər olunsa da yaşlı olduğundan müharibəyə aparılmayıb. Hüsən əmim və dədəm Səlim müharibənin ilk vaxtlarından döyüşlərdə iştirak ediblər. Hər ikisi üç il yarımdan sonra, 1944-cü ilin dekabr ayında ayrı-ayrı cəbhə bölgələrində ağır yaralandıqlarından, hərbi xəstəxanada müalicə olunsalar da ordudan tərxis olunublar. Sonda demək istərdim ki 89 il qabaq faşizmin məğlubiyyəti ilə sonuclanan İkinci Dünya Müharibəsi mənim İmanlı nəslimdən,-o cümlədən 1941-1945 müharibəsində iki yüzdən çox övladını itirən Böyük Mərcanlı kəndimdən də ağrı-acısız ötüşməyib. O qanlı-qadalı uzaq illərdə həlak olan həmvətənlərimizə Allahdan qəni-qəni rəhmət diləyirəm!

İSMAYIL MƏRCANLI İMANZADƏ

09.05.2024, saat 20-16