Şakir Xanhüseynin ŞEİRLƏRİ

Ədəbiyyat 10:53 / 18.04.2024 Baxış sayı: 790

BAYATILI ŞEİR

Gözümdən su çiləyirəm üzümə;

yanğın yeri sönmür, yanır elə hey...

Bir dərd var ki, qoşun gəlir üstümə,

alt-üst olur ürəyimdə nələr hey...

Mizrab vurdun telə hey,

Kərəm hanı, lələ, hey...

Bir an qədər uzanmaz,

günü günə cala hey...

Bir hal-əhval öyrən doğma diyardan,

həsrətini çöl-bayırdan yığ görüm...

Xeyir yox ki, nə yağışdan, nə qardan,

bir taleyə sən bir ümid yağ görüm...

Gözlərini sıx görüm,

axmaz ikən ax görüm...

Son lafını etməyə

çatacaqmı vaxt, görüm...

At çapırsan, yüyən çıxmış əlindən,

sağın-solun nizə-nizə daşdı ha...

Çox sözünü tikə kimi uddun sən;

birin dedin, ikisindən qaçdın ha...

Yüyürdün ha, qaçdın ha,

doya-doya acdın ha...

Bağladın sevinclərə,

qəmə, ayaq açdın ha...

 

***

(Kimsəyə BAŞIN SAĞ OLSUN

deyilməməsi arzusuyla...)

 

Ölən...arzulardan,

ümidlərdən yana,

həmişə sürən kədərdən yana

başsağlığı verilməzmi adama,

məsələn, biləsən ki,

kiminsə insanlara inamı da,

etibarı da itdi,

başı sağ olsun...

nisgilli ürəklərə,

şeh qoymuş kirpiklərə,

solmuş dodaqlara,

quru çöp barmaqlara başsağlığı...

suvağı tökük divarlara,

boş, sahibsiz yuvalara,

çörəyi yavanlara

düşür ən böyüyü başsağlığının...

qabarları sızlayan ovuclara,

batıq ovurdlara başsağlığı...

daha havanı yarmayan qanadlara görə

göyə

başsağlığı...

nə düşünsən, gedib dirənirsən əskilərə...

ta çiçək dəstə tutmayan sevgilərə

başsağlığı,

min kərə başsağlığı...