Saqif Qaratorpaq  : - Yarı zarafat,yarı ciddi...

Ədəbiyyat 21:34 / 30.04.2024 Baxış sayı: 1225

 

***

Bilirsən ki,bitəcək,

Sonsuz deyil bu görüş.

Üşüdər dodağını

Sonuncu soyuq öpüş...

 

Dayanmarıq nə vaxtsa,

Bəlkə bir də göz-gözə.

Günahkaram... çıxarma,

Nolar,məni təmizə.

 

Silinməz yaddaşından

Bu şirin günün tamı.

Kim nə deyir,qoy desin,

Qınasın bizi hamı.

 

Söndür telefonu da,

Aramasın dost,tanış.

Unut yaxını,yadı,

Bircə özündən danış.

 

Qoy fırlansın,bizə nə,

Lap kainat tərsinə.

Nə olar,bircə dəfə

Gecik sən də dərsinə.

 

Sevinsin,əllərindən

Öpən sarı çiçəklər.

Xumarlansın uçuşan

Xallı ağ kəpənəklər.

 

Xatırla hər rəngini,

Çək bu günü necə var...

Ürəyinə,gözünə

Köçür,özünlə apar...