Şakir Xanhüseyn : - ŞƏHİD şeir

Bir gündə hər saata
düşdü iki, üç şəhid...
...Boynumuzun ardında
Var hey bir qılınc, şəhid...
Qurbanlığı sandın yol;
Yaşın cəmi iki on...
Doğma yurd...dedin ilk o,
Başqa hər şey puç, şəhid...
Anana ruzu- qəmin,
Atana ruzu- qəmin;
Getməz bu azuqənin
Dadı, tamı heç, şəhid...
Bu cür olmalı dedin--
Vətən qalmalı dedin;
Hamı qalxmalı,-dedin,
Nə tezdi, nə gec, şəhid?
Qatlamadın diz, yumdun,
Gördük, axı, biz, yumdun;
Torpaq üstdə göz yumdun,
Torpaq altda aç, şəhid!
Ay elə gəldi gedər,
Gün belə gəldi gedər;
Ay bizə ağır kədər,
Ay bizə güvənc şəhid!