Şakir Xanhüseyn - QƏDİR RÜSTƏMOVUN xatirəsinə

Ədəbiyyat 15:02 / 15.09.2025 Baxış sayı: 1963

 

Qədir Rüstəmovun

əlləri də oxuyurdu, qolları da,

qulağının dibində

tutduğu dəfi də...

sanki geyimi də,

danışdığı sözü də,

nəfəsi də oxuyurdu Qədirin...

yeriyirdi yerişi,

dururdu duruşu,

toxunduğu hər şey oxuyurdu,

yer-göy oxuyurdu

sanasan Qədir Rüstəmov oxuyanda,

dağ-daş bir dinləyiciydi

o, oxuyan anda,

yol da, yolçu da dincəlirdi...

oxuyanda Qədir olmurdu,

bir səsə dönürdü, bir səs olurdu,

bir duyğu, hiss olurdu...

Qədir səs görünürdü,

ona baxan səsi görürdü.

Qədir "Mənsuriyyə" idi, çahargah, segah idi,

Qədir elə bil dünyanın çox işindən agah idi

səsiylə,

avazıyla...

selə-suya verirdi,

selə-suya döndərirdi Qədir adamı,

səsinin arxasıyca aparırdı nə qədər adamı...

oxuyurdu, oxuyurdu,

oxumağın sonuna çatırdı Qədir,

gözəllik yaradırdı,

bir özəllik yaradırdı Qədir;

dərin bir səssizlik vücuda gəlir

Qədirin səsi gələn zaman!..