Şakir Xanhüseyn : - MƏNGƏNƏ

YAZARLAR 08:43 / 06.08.2025 Baxış sayı: 5163

 

 

PRİTÇA-HEKAYƏ

1

Çoxdan idi ki, heç yerə başmaq seyrinə belə çıxmırdı. Qəlbindəki hisslər o qədər qarmaqarışıq idi ki, bir yönə, sahmana düşəcəyini əsla fikirləşmirdi. Nə olmuşdu ona? Heç nə. Amma nə olmamışdı ki? Sadalamaq, nəyisə yada salmaq, nəyisə xatırlamaq kitabında yox idi, bəlkə xatırlamamaq?

Bir gün evdə oturmuşdu. Hansı ovqatda olduğunun fərqində deyildi. Həyətdə köhnə bir məngənə var idi. Hərdən divara söykənib o məngənəyə baxır, yaşadığı sıxıntının sanki bu məngənəylə bir bağı olduğunu düşünürdü bəzən. Axşamüstüydü. Həyətə enib sol əliylə məngənədən yapışdı. Bir müddət belə qaldı. Elə fikir içində məngənəni açıb söykəndiyi əlini məngənənin ağzına qoydu. Sağ əliylə bir balaca sıxdı. Əlbəttə, çox sıxmadı və bunu təhtəlşüur olaraq etdi sanki. Amma bu təsadüf onun bütün həyatını təsiri altına aldı. Nə baş verdi? Əlini o məngənədən ayıra bilmədi. Sanki məngənəyə bitişib qaldı əli. Amma qəribə bir iş oldu, o da ondan ibarətiydi ki, məngənənin yanından ayrılanda da əli elə məngənənin ağzında qalırdı və xoşbəxtlikdən əlinin məngənədə qalan hissəsi rezin kimi açılır, uzanırdı. Toya da getsəydi bu məngənədəydi, yasa da getsəydi.

Hərdən rayon mərkəzinə çıxırdı. Bu, əslində, özü özündən qıraqda qalmaq cəhdiydi. Bəzən duyurdu ki, çox irəli gedə bilmir, ətinin məngənə ağzında qalan hissəsi, düzdü, rezin kimi uzanır, onun irəli getməsini əngəlləmirdi, ancaq çox irəli də buraxmırdı. Olurdu ki, şübhəylə ətrafına baxır, görəndə ki, kimsə onun rezin kimi uzanan ətini görmür, bir qədər rahatlanırdı. Bu halətdə ikən tam özünə güvənir də demək olmazdı. Axı, həmişə məngənə cəngindəydi və bir növ buna alışmışdı. Bir az ona çətin gələn o idi ki, yuyunarkən də ətini məngənədən ayıra bilmirdi, ən yaxşısı isə oydu ki, bu onun təmiz-təmiz yuyunmağına əsla mane də olmurdu.

Qolundakı saata baxdı. Ona neçə lazım idi? Əslində, zamanlıq işi yox idi, bu onda bir vərdiş halı almışdı. Evdən çıxmağa hazırlaşırdı. Hiss edirdi ki, harasındansa sıxılır, ancaq belə hala tez-tez düşdüyündən bir ağrı da duymurdu. Ayaqqabısını uzun dəmir dabankeşlə rahatlıqla geydi. Cibindəki kredit kartını yoxladı, bir də minibusa verəcəyi qəpikləri. İş tamam, indi evdən çıxa bilərdi. Geri boylandı ki, Sahibə xanımın bəlkə bir sözü var, evə alınası bir şey lazımdı, lakin onu görmədi, çağırmadı da, bilirdi ki, nəsə lazım olsa, cibinə zəng edəcək. İndi yaddaşa o qədər də lüzum yoxdu, kim kimi harda istəsə, "yaxalaya" bilər. Odur ki, darvaza qapısını açıb arxayınlıqla yola çıxdı. Nəfəsini bir də parkda aldı. Akasiya ağaclarının sanki kombinasiyalı xoş ətrini nəfəsinə qatıb ciyərlərinə çəkmək ona əlahiddə bir zövq verirdi və bunu can sağlığı üçün vacib sayırdı.

Bir də gözünü açdı ki, marketdədi, alınası bir-iki şeyə baxdı, ancaq bədəninin məngənə ağzında olduğunu elə bil indicə gördü. Məngənə evində idi, deyildiyi kimi özü isə hissə-hissə, əza-əza bu məngənədəydi və əti elastikləşib- rezinləşib uzandığı üçün bu "qanlı ağızdan" qurtarmağı da mümkün deyildi və bu, təbii bir hal almışdı. Hər məhsula əyilib baxanda, götürəndə sıxıntısı bir az artır, daha çox ağrı duyurdu bu zaman. Qətiyyən ona təəccüblü, yaxud da ağrıdıcı o deyildi ki, məngənənin ağzındadı, onu maraqlandıran, bir az da əsəbiləşdirən bədənindəki ətin rezin sayaq gəzdiyi bütün yollarda, yerlərdə, uzaq, yaxınlığından asılı olmayaraq üzülməməyi idi və bu hardasa onun canını da qurtarırdı, əks halda onu qan aparardı, dərisi soyulmuş kimi canı ağrılara tablaya bilməzdi, bir növ ətinin rezinləşməsi onun canını bu nöqteyi-nəzərdən xilas edirdi, qurtarırdı. "Marketləri, dükanları, bazarı tərk etdiyim vaxt bircə buna sevinirəm ki, mənim uzandıqca uzanan ətimi kimsə görmür, adamlar şoka düşmür, ancaq özümə bəlli olan bu durum məni çox da acıtmır " kimi fikirlərlə gah evin, gah da başqa bir yerin yolunu tutub gedirdi.

2

Dilinin ucuna bir söz gəlmişdi. Çalışdı ki, həmin sözü desin, kimsə də eşitsin. Ancaq o sözü deyə bilmirdi, nə də geri qaytara bilirdi. Hiss edirdi ki, deməsə ürəyi pisləşəcək. Di gəl ki, söz bir türlü ağzından çıxmaq istəmir, elə bil o ən böyük bir günah olardı, cinayətə yol açardı, bir qapı bağlanardı, işıq sönərdi.

Fikri demək istədiyi, fəqət deyə bilmədiyi o sözdəydi elə. O söz də özünü naza

qoymuşdu sanki. Dilinin ucundan yerə düşmək istəmirdi- bir addım atmaq istəmirdi, hava almaq, gün işığına çıxmaq, yağışda yuyunmaq, mehlə sərinləmək, heç bir ins-cinslə əlaqə qurmaq istəmirdi elə bil. Elə bir həddə çatmışdı ki, bu söz, bu "balaca dılğır" səsə çevrilib dünyanı başına götürmək, caynağına keçirmək istəyir hər şeyi. Sövq-təbii hiss edirdi ki, get-gedə o sözlə arasında bir uçurum, dərin bir yarğan yaranırdı və bu uçurum- yarğandan özünün düşəcəyi ehtimalı andan-ana artırdı. Nə edəcəni kəsdirəmmirdi. Demək istədiyiylə deyə bilmədiyinin arasında qalmışdı. Bu yer də- əgər yer idisə- çox dar idi, nəfəs almağa çətinlik çəkirdi, ürəyi darıxırdı. Xarici aləmdən təcrid olunmuş vəziyyətdə idi, əslində, elə belə idi, bir neçə gün idi ki, evdən bayıra çıxmır, elə bir az evin içində var-gəl edir, hərdən də meyvədən-zaddan atışdırırdı, çox kitab oxuya da bilmirdi, bir sözün əsirliyinə düşmək istəmirdi.

Yenə fikri-zikri demək istədiyi, ancaq deyə bilmədiyi sözün yanında idi, bunu da bilmirdi söz ona pərçim olub, ya o özü sözə təslim olmuşdu. Nəsə bunu aydınlaşdırmaq, dəqiqləşdirmək lazımdır. İnsan həmişə qeyri-müəyyənlikdə qala bilmir, axı, xeyir var, şər var. Yaşamaq təkcə düşünməklə mümkün deyil ha. İstidə üşüməyi, soyuqda tər tökməyi gözə almalısan, yahu, başqa cür mümkünatı yox düşdüyü mühitin, hökmən nədənsə sıyrılmalı, kütləyə qoşulmalısan- hamıdan biri olmaq sənin istəyib-istəməməyindən asılı deyil, ümumi axında tapırsan bəzi "həyat əhəmiyyətli" bir şeyləri.

Son vaxtlar daha dilinin ucuna heç bir söz gətirmək istəmirdi. Dilinin ucundakıların qarmağı ucunda tilova düşmüş balıq kimi çabalayırdı elə, bu da onun əziyyətini artırırdı, bir çıxılmaza sürüklədiyini hiss edir, hərdən ətinin ürpəşdiyini duyurdu.

İşə bax ki, dilinin ucunda qalmış bir sözün dilinin ucundan asılmış kimiydi, sanki hərəkətləri də bir asılmış adamın cəsədi kimi yellənmək idi.

Axşamüstü idi, o isə hesab edirdi ki, sübh tezdəndi hələ, günün gözü yenicə çırtlamağa başlayıb, görəcəyi əsas bir iş var: çoxdan bəri dilinin ucunda qalmış o sözü demək istəyir, ancaq gözünün qabağına döyülüb tuluqlanmış, göyərmiş üzləri gətirəndə dilini udur, susur, lal olur, bir addımdan uzaq ayağını ata bilmir, dayanır, qorxuya düşür, səksənir, nə edəcəyini- nə deyəcəyini!- bilmir, necə deyərlər, dərin sükuta qərq olur, elə birinə yaxınlaşmaq istəyirdi ki, ona xilas yolunu göstərsin, ya da heç vaxt dilinin ucuna gətirmədiyi bir söz söyləsin, onu bürümüş ağır sükutu dağıtsın. Birdən əl-qol atmağa başladı, sanki burulğana düşmüş, ordan xilas olmağa çalışırdı, o isə get-gedə boğulur kimi gözləri qaralır və bir heçliyə gömülür hala gəlirdi. Birdən bərk bir ağrı duydu. Nəydi bu? Tez başa düşdü ki, artıq bədəninin çox hissəsi keçib evindəki məngənə ağzında və və bədəninin bu çox hissəsi rezin kimi uzandıqca əvvəlki günlərə nisbətdə ağrısı bir az artsa da,

bu ağrı o qədər də onu narahat etmədi.

3

"Həmişə şərəfini, xeyirxahlığını, ləyaqətini, insanlığını qorumağın mükafatıdı düşdüyün bu halət, əfəndim. Özünü tox tutmağın açıqca xoşuma gəlir, bir də özün yıxılmadın ki, özün də ağlayasan. Haracan gedə biləcəyini düşünmədən irəlilə- otur, yerində günlərlə qal, sancı keçir, ancaq irəlilə." Bu düşüncələrlə günə başladı. Pilləkəni enib çınqıl tökülmüş həyətdə bir az gəzindi. Uzaq bir yolçuluğa hazırlaşırmış kimi hər şeyi diqqətlə nəzərdən keçirirdi, halbuki məqsədi Cövdət müəllimlə görüşüb onunla birlikdə bir az dünyanı çalxalamaq, dilinin ucundakı bəzi sözləri dilə gətirməklə yüngülləşmək istəyirdi. Daha ev-məngənə kefinə də deyildi. Sadəcə, ətinin elastikliyi, daha çox rezin kimi dartıla bilmə keyfiyyəti bir növ onu rahatladırdı da. Acılarını bütün bədən üzvlərinin hamısı eyni dərəcədə sanki paylaşıb çəkdiyindən bir üzvə, məsələn, tək ürəyə güc düşmürdü. Əli də, ayağı da, çiyni, kürəyi də- qalanları da- necə deyərlər, bu işdə səfərbər idi, bir idi. Bir də əbədi minnətdarlığı rezin kimi uzana bilən dərisinə idi, dartıldıqca uzanan, heç qırılmayan, sapsağlam dərisinə. Yeri gəlmişkən, deyim ki, çox sıxıntılı hallarda qəfil hiss edirdi ki, əti indicə üzüləcək, onu küçənin ortasında, adamların içində qan götürərəcək. Amma tez işin nə yerdə olduğunu fikirləşib özünü toparlayır, "qırılma anı" baş vermirdi və bunu düşünürdü ki, o bu "dartılma qabiliyyəti" ilə daimidi, yəni ölməzdi, əlbəttə, bu bir düşüncə idi, ağrıya dözmək onda bir yetənək idi.

Yenə adi günlərdə olduğu kimi ehtiyatlı addımlarla yola düzəldi, hə, hər addımda ehtiyatlı olmağa çalışırdı, görürdü ki, hər yerdə sular bulanır, hava kəsifləşir, necə deyərlər, "əşyalar bir-birinə toxunmadan bir-birlərini itələyir", aralı düşür, fizikanın qanunları burda işə keçmir, sanki dünya böyük bir təbəddülatın- dəyişikliyin qapısı ağzında durmuşdu və bu anı hamı eyni səbirsizliklə gözləyir.

Bir də onun üçün nə fərqi var ki? Əzab çəkməyə ha torpağın üstü, ha torpağın altı. Hərdən şəhadət barmağına baxırdı, görürdü ki, məngənə ağzına o düşüb, evdən aralandıqca barmağı da uzanıyır, uzanıyır, gedib-qayıtdığı yollar uzunluğunda, Cövdət müəllimlə etdiyi söhbətlər, mübahisələr enində, çayxanalarda eşitdiyi replika-söhbətlər "dərinliyində". Məngənənin, onu ölümünə sıxmadığını, əzib döyülmüş ət halına salmadığını taleyin- tanrının lütfü hesab edirdi. Hər dəfə özü dartılıb uzanmış ətinə, ya dərisinə baxanda, dəhşətli ağrılarsız özünü görəndə məmnunluq duyur, elə bil həyat enerjisi ilə dolur, canındakı öz-özünü doldurma, enerji yüklənmə özəlliyini xüsusi olaraq dəyərləndirirdi.

Həyatına rəng qatırdı düşdüyü durumun ağırlığı o səbəbdən ki, ondakı dözüm, səbr ilahidəndi. Bir də orqanizminin çəkdiyi acılara adaptasiya olunması. İnsan nələrə öyrəşmir?

Harasına əl vururdu, bir gizilti, acıma duyurdu, rezin bədənə sahib olmaq onun şansı idi- məngənə ağzında uzandıqca uzanan bir dəriyə, bədənə, cana sahib olmaq xoşbəxtlik deyildimi? Amma onu dəhşətə gətirən bir nüans var idi, hədəqədən çıxmış gözlə görürdü ki, o köhnə, nəvaxtdanqalma məngənə get-gedə bir ağıza- insan ağzına çevrilir və bu onu çox narahat edirdi, düşünürdü ki, daha dözə bilməz, onu məngənətək sıxanın bir insan ağzı olmasını bilmək, doğrudan, dözülməz idi və hiss etdi ki, artıq hər şeyin sonu çatıb- noolsun ki, o hələ də yatıb- necə deyərlər, bu xına o xınadan deyil...