Sahibə Yusif.- Sakitcə izləyirəm.

Gündəm, Ədəbiyyat 10:55 / 05.09.2025 Baxış sayı: 3542

 

Səpib misralarıma qəlbimin ağrısını,

Könlümə qıfıl vurub, zamanı gözləyirəm.

Ovudub sətirlərdə kədərin acısını,

Gözlərimin yaşını, içimdə gizləyirəm.

 

Yalançı ümidlərlə aldadaraq sözümü,

Məni duymayanlara, qurban verdim özümü.

Doğma anamdan belə, gizli tutub düzümü,

Nələrin olacağın, sakitcə izləyirəm.

 

Buzlaşıb xatirələr ömrün soyuq qışında,

Yad olmuşam elə bil doğmalar baxışında.

Dünyanın məhvərində, həyatın axışında,

Astarı paralanmış günümü üzləyirəm.