Rəfail Tağızadə - Burda məndən sevgi gözləmə
Burda məndən sevgi gözləmə
Öz torpağında səngər qazmaq
özünə qəbir qazmaq kimidi.
O başdan bu başa
uzun bir qəbir qazdıq
səngər adında.
Əvvəlcə qürurumuzu,
sonra güllələr sönəndən
ilk atəş səsinədək
özümüzu basdırdıq
qazdığımız qəbirdə.
Buranın gecəsi gündüzündən işıqlı,
gecələr hamı oyaq.
Uçan güllələrin
atəş nöqtəsini görürəm,
döyüşçü dostumun
hənirtisini eşidirəm.
Bu gündüz gecələr
unutdurur hər şeyi −
səni də,
isti yatağı da,
rahatlığı da.
Sən məndən ayrı sevgi umma.
Burada ağ mələfələr qan rəngində,
lalə yanağında qara xal kimi
ətin soyutduğu güllə içində.
Xəyallar bir qərib durna köçündə.
Gecələr adamın
harasından yaralandığı səsindən,
kimin nə gördüyü,
nə demək istədiyi
susmağından bəlli.
Sən burda məndən başqa sevgi gözləmə, əzizim.
Məni bağışla.
Döyüşün, səngərin sevgisi bambaşqa.
Burda bizim xatirələr an-an,
səninki il-il.
Mən burda ölümü də sevirəm,
sən yaşamağı.
Səni qucaqlayan qollar
indi yaralı əsgərləri qucaqlayır.
Mən indi axan qanı öpürəm,
isti dodaqların kimi.
Mənim əllərim soyumuş üzü sığallayır,
sənin əllərin mənim boş,
soyumuş yatağımı.
Qucağımdan qan damır,
əllərim qan içində.
Bu qanlı əllərdən ayrı sevgi istəmə.
Həlqəsindən çıxmış
qızaran gözlərdə yaxşı nəsə gəzmə.
Düşməni axtaran,
öldürdüyünü sayan
tətiyin qaraltdığı,
bərkitdiyi barmaqlar
saç sığallaya bilməz.
Sönmüş gözləri sığayar.
Əllərim, barmaqlarım ağlayar.
Bu könüldə min yara var, yara,
qoşa şəklimizə baxıb
əllərimlə saçını özün dara.
Buraların gecəsi başqa;
ulduzlar əvəzinə
güllələr işıldayır.
Adamların ulduzunu söndürən
“ulduz güllələr”.
Burada gecələr daha səs-küylü.
Gündüzün işığı
gecə maşın işığına düşmüş kimi
gözümü qamaşdırır;
buralar adamı gecəyə alışdırır.
Hər gecə səngərin o tayından
məni çağırırlar.
Bu sənə xəyanət deyil, əzizim.
Bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz,
Vətən sevgisi.
Mən getdim...
Sən salamat qal.
Aylı gecələrdə
bizli xoş xəyallara dal.