Ramiz Qusarçaylı - Yağacaq

Ədəbiyyat 14:14 / 11.09.2025 Baxış sayı: 2172

 

Kim deyir ki, bu çəndə,

Sisdə qarlar yağacaq.

Yağsa, yağsa bu axşam

İsti qarlar yağacaq.

Eşq göylərin çuxası,

Ələ gəlmir yaxası,

Çox könüllər yıxası

Qəsdi,

qarlar yağacaq.

Xəzan gülün məhşəri,

Sarısına şeh sərib...

Ürək qərib, meh qərib

Əsdi,

qarlar yağacaq.

Sözdə qəm yığın-yığın,

Hara gedir bu axın.

Üşüyür tənhalığın

Büstü,

qarlar yağacaq.

Yon daşa son sətrimi,

Qoy daş bilsin qədrimi...

Gül açacaq qəbrimin

Üstü,

qarlar yağacaq.