Ramiz Qusarçaylı - Səni məhkəməyə verə bilmədim

Ədəbiyyat 11:06 / 09.09.2025 Baxış sayı: 1979

***

Səni məhkəməyə verə bilmədim,

Deyirlər sevgiyə məhkəmə yoxdu.

Sevgidən qovrulub külə dönməyə,-

Sevgidən ölməyə məhkəmə yoxdu.

 

Qürur sındırmısan,könül qırmısan,

Ürək doğramısan,əza kəsmisən.

Günahı nəydi ki,ürək fağırın

Sən ona bu boyda cəza kəsmisən.

 

Duz basıb öpürəm göynək yerindən,

Gözümü üstündən çəkə bilmirəm.

Mən gizli çəkirəm öz dərdlərimi

Göstərə-göstərə çəkə bilmirəm.

 

Bu eşqin qanını içirəm hər gün,

Bu eşqi içindən yaralayıblar.

Sən görən Ramizin ağ günü yoxdu,

Sən görən Ramizi qaralayıblar...

 

Bu nə həngamədi,bu nə bəladı,

Nə intihar xilas,

nə ölmək,qadam.

“Sevgi”lər o qədər üzüyoladı

Sevgidən ölməyə utanır adam.

 

Dərdindən ölməyə yenə hazıram,

Qoy ölüm dəyməsin canına sənin.

Sənin ölmüşünə məktub yazıram

Ölüb gətirəcəm yanına sənin...