Rafail Incəyurd  Belə dünyadı

DÜNYA 19:14 / 27.09.2025 Baxış sayı: 6197

 

Dünyaya yazılan milyon birinci qoşma...

 

Dünya var olandan kefsizə fani,

Kefliyə gözəldən gözəl dünyadı.

Tarix yazanların yalanlarıdı,

Sondan son, əzəldən əzəl dünyadı.

 

Mütləqdi, canlılar candan keçərlər,

Cansızlar torpaqla cana köçərlər.

Yazın əvvəlində laləli çöllər,

Payızın sonunda xəzəl dünyadı.

 

Söz deyə bilməyən söz əlləşdirir,

Göz qoya bilməyən göz əlləşdirir.

Güclülər dünyanı özəlləşdirir,

Dünya vətən-vətən özəl dünyadı.

 

25.09.25