Muncuqlar tarixdən xəbər verir

YAZARLAR 11:32 / 18.08.2025 Baxış sayı: 3278

 

Bəlkə də bəziləri bu yazını oxumamış, onun başlığına baxıb dodaq büzəcək, bəlkə hələ mızıldanacaq da: “Əşi, heç muncuğun yeridi? Muncuq hara, tarix hara”? Gəlin tələsməyək və bu yazını səbrlə oxuyaq. Sonra görəcəksiniz ki, muncuğun tarixə böyük dəxli var.

Mən Füzuli rayonunun Şükürbəyli kəndi haqqında yazdığım əvvəlki yazılarımda qeyd etmişdim ki, Şükürbəyli kəndinin ərazisində qədim insanlar yaşamışlar. Bunu təsadüfi qazıntılar zamanı yerin qatlarından tapılan daşdan, tuncdan, saxsıdan hazırlanmış məişət əşyaları, silahlar, əmək alətləri, bəzək şeyləri, o cümlədən də muncuqlar bir daha təsdiqləyir. Muncuqların isə yaranma-istifadə tarixi bəlkə də “ağıllı insanlar”ın meydana gəlməsi ilə üst-üstə düşür. Şükürbəyli kəndinin ərazisindən tapılmış muncuqlar Azərbaycanın bir sıra regionunda tapılan muncuqlarla demək olar ki, “yaşıddır” –desək yanılmarıq.

Muncuq dünyanın əksər ölkələri arasında yayılmışdır. Kiçik və xırda dənələrdən ibarət olan bu bəzək növü müxtəlif materiallardan hazırlanırdı.

Bəşər tarixinin inkişafı, qədim insanların təkamülü və digər tərəqqi ilə əlaqədar olaraq muncuqların materialları və hazırlanması texnologiyaları da təkmilləşməyə başlamışdır. Məsələn, Neolit dövründə muncuqlar daşdan hazırlanırdı. Təbiidir ki, istənilən bir daş əsas iş üçün yaramırdı. Bunun üçün xüsusi daşlardan istifadə edilirdi. Qədim insanlar dağların, daşların, bir sözlə təbiətin dilini-sirrini öyrəndikcə, təbiət üzərində hakim mövqe tutduqca, onların iş prinsipləri dəyişir və təkmilləşirdi. Neolit dövründə insanlar daşla bərabər, heyvan sümüklərindən də müxtəlif cür muncuqlar düzəltməyə öyrəndilərr.

Tunc dövründə tuncdan hazırlanan muncuqlar bu bəzək əşyasının çeşidlərini də artırdı. “Sönmüş günəşin”-meyitin üstünə saxta ulduzlar –açıq rəngli qiymətli mineral və metaldan düzəldilmiş uzunsov muncuqlar səpilirdi. Şumer çarlarının və çariçalarının meyitlərini başdan-başa  muncuq “yağışı” örtürdü. Bu mühüm xüsusiyyət tenqri qəbirlərinin əsas əlamətidir.

Arxeoloqların fikrincə, bütün bu bəzəkləri çarlar və çariçalar öz sağlıqlarında gəzdirir və öləndən sonra özləriylə axirət dünyasına aparırdılar.

Görkəmli qazax yazıçısı O. Süleymenov “Az-Ya” əsərində yazır ki, muncuqlar ancaq dəfn atributu kimi əhəmiyyətlidir. Sonralar soyğunçuların saysız-hesabsız kurqanlardan oğurladıqları bu libas və qızıllar artıq diri hökmdarların geyimi və hakimiyyət simvolu dəbə mindi.

Məşhur Bibliyada qeyd edilir ki, “çariçanın böyründəcə bəzəkli qızıl cam qoyulmuşdu. Bədənin yuxarı hissəsini qızıl, gümüş, lazurit, əqiqdən düzəldilmiş muncuqlarörtürdü”.

Muncuq bəzəyi yalnız qadınlara aid deyildi, padşahın meyiti də yüzlərlə qızıl və lazurit muncuq qalağının içində itib-batırdı.

Qaraqum qəbirləri “ulduz” sarıdan bir qədər kasaddır: “Uşağın qəbri xüsusilə zəngin idi, ölünün boynunu və çiyinlərini muncuq silsiləsi bəzəyirdi, muncuqların 400-dən çoxu gibsdən, bir neçəsi gümüş və lazuritdən idi”.

Ölünün üstünə “ulduz”  səpmək ənənəsi böyük dövr ərzində orta əsrlərə qədər qalmaqda idi.

Çeçen-İnquş Muxtar Vilayətində bir neçə il əvvəl yerin altında daş karxanasının dərinliyində qədim qəbir aşkar edilmişdir. Dəfn edilmiş qadının boyubağında müxtəlif forma və rəngdə  yüzlərcə muncuq vardı“.

Şimali Qafqazdakı skif qəbirinin təsvirinə diqqət verək: mərhumun sür-sümüyünü muncuqlar örtmüşdü;bunlardan 62-si tuncdan, 263-ü şüşə və antiminiqdən idi. Qəbir e.ə. VI əsrə aid edilir.

Muncuqları sapa düzürdülər. Bu, onu bilavasitə ölünün bədənində saxlamaq cəhdi idi.Misirlilər bu üsulu təkmilləşdirdilər. Onlar qiymətli daşları tənziflə meyitə sarıyırdılar.

Altay və  İssık dəfn libasları şumer ideyasının  “qızıl muncuqlar qurub edən günəşin-şahın bədənindəki ulduzlardır”-ideyasının ən yüksək mərhələsidir.Bu cür spesifik libasa Qaraqum qəbirlərində də təsadüf edilir.

Lazurit muncuqlarla işlənmiş bu cür libas çətin ki, gündəlik paltar olsun, çox güman ki, bu libas məxsusi olaraq dəfn mərasimi üçün tikilmişdir. Tədqiqatlarını davam edən O. Süleymenovyazır ki, sonrakı dövr Altay kurqanlarında (eramızın başlanğıcı) dəfn libası parlaq  Çin ipəyindən hazırlanırmış.

Erkən dövrlərdə (e.ə. VII-V əsrlərdə) ipək xalatı “qızıl muncuqla bəzədilmiş xəz paltarlar əvəz edirmiş. Özü də bu saxta qızıl muncuqların sayı bir neçə minə çatırmış. Xalatın yaxalığı və ətəyinə dəri zolağı tikilib, dəri işləmələri “düymələr” muncuqlar” - külçə qızıllar bəzəyirdi. Görünürxalatın tikilişi və tərtibində xeyli adam, ən müxtəlif usta-texniklər iştirak etmişdir. Belə ki, təxmini hesablamaya görə xalata 8 mindən çox özülü taxtadan olan düymə tiklib.

Mərasim getdikcə təkmilləşir, incələşir. Külçə qızıldan və qiymətli daş-qaşdan düzəldilmiş yüzlərlə muncuqda öz ifadəsini tapmış bəsit Şumer etiqadı Altay mərasimində  formal muncuqlarla əvəz olunur. Lakin muncuqların sayı çox-çox artır. Etiqad zəifləyir, qızıl nazilir. Daş-qaşı, zəngin libasları zahiri parıltı əvəz edir.

Issıq kurqanlarındakı gəncin dəri libasına 4 mindən çox qızıl muncuq tikilmişdi.Qədim Misirdə şüşədən hazırlanmış muncuqlar geniş yayılmışdır.

Azərbaycanın Şəmkir rayonunun ərazisindəki Muncuqlu təpə adlı yerdə IX əsrə aid yaşayış yeri aşkar edilib. Burada çoxlu sayda maddi-mədəniyyət nümunələri ilə yansaşı, xeyli muncuq da aşkar edilmişdir. Bütün bunlar onu sübut edir ki, orada yaşayan insanlar sənətkarlıqla da məşğul olmuşlar.

Laçın rayonunda Muncuqlu adlı bir kənd mövcuddur ki, vaxtı ilə bu ərazilərdən çoxlu muncuq və ona bənzər digər bəzək əşyaları tapılmışdır.

Dəmir dövründə Azərbaycan qədim Şərqin ən qüdrətli dövləti olan Assuriya ilə geniş ticarət əlaqələri saxlayırdı  Azərbaycanın müxtəlif yerlərindən Assuriyada istehsal olunmuş şirli gil qablar, silindirik möhürlər, silahlar, bəzək şeyləritapılmışdır. Onlardan biri də Xocalıda tapılan, üzərindəki mixi xətlə Assuriya padşahının (Adadniarinin) adı yazılmış muncuqdur.

Füzuli rayonunun Şükürbəyli kəndinin ərazisindən də yerli sakinlərin qazıntı zamanı müxtəlif materiallardan hazırlanan, müxtəlif formalı muncuqların aşkar edilməsi də çox mətləblərdən xəbər verir.

Təəssüflər olsun ki, ötən yüzilin 80-ci illərində aşkar olunan maddi-mədəniyyət nümunələrinin heç birisi mühafizə edilərək qorunub-saxlanmamışdır. Nəticədə neçə-neçə tarixçilərin, arxeoloq, antropoloq və etnoqrafların tədqiqat obyekti ola biləcək bu nümunələr  məhv edilmişdir. Ancaq yenə də gec deyildir. Şükürbəyli kəndində arxeoloji qazıntılar aparmaq vacibdir.

Əminəm ki, buradan tapılan maddi-mədəniyyət nümunələri ilə bərabər, muncuqlar da böyük əhəmiyyət kəsb edəcəkdir. Lap elə İssıq-Altay kurqanlarında, Çeçen-İnquş Muxtar Vilayətinin daş karxanalarında, Şimali Qafqazın skif qəbirlərində, Azərbaycanın Şəmkir rayonunun Muncuqlu təpəsindən, Laçının Muncuqılu kəndi ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri kimi...

Faiq ŞÜKÜRBƏYLİ,

tədqiqatçı-etnoqraf