Meyxoş Abdullah -  Usta Mehman ...

YAZARLAR 16:37 / 19.09.2025 Baxış sayı: 2207

 

(Mehman usta 40 il bundan öncə mənim “bəylik saçımı” da qırmışdı).

Bilmirəm, niyə sadə insanların arasında olmaq, onlarla ünsiyyət qurmaq və onlarla dostluq etmək mənə bu qədər zövq verir? Bəlkə də, bu insanlar həyatın içindədirlər, onun dərinliklərindədirlər, zəhmətkeş və əzbkeşdirlər ondandır. Bilmirəm. Ancaq onu bilirəm ki, bu insanlar çox səmimi, halal və xeyirxah olurlar.

Yəqin ki, mənim “Dəli Bəybala” hekayəmi çoxlarınız oxuyubdur. Bəybala ilə o qədər oturub söhbət etmişik ki... Hansı ki, insanlar ondan çəkinib, bir qədər aralı gəzirdilər. O insan dünyasını dəyişsə də, mən onu hec unuda bilmirəm. Gözlərim hər zaman onu axtarır.

“Usta Kərim”. Sadə peşə sahibi idi, ayaqqabı ustası idi, köhnə dillə desək, pinəçi idi. Amma mənə çox yaxın adam idi. Sözümüz, söhbətimiz elə tutardı ki... Səmimi, sadə, dünyagörüşlü bir insan idi. İşim düşdü-düşmədi, vaxt tapan kimi onun yanına qaçardım. Onunla söhbət edəndə elə rahatlanardım ki. Çoxlu belə dostlarım olub, elə indi də var. Onların arasında “komxoz işçisi”ndən tutmuş, sürücüsünə, çobanına, gözətçisinə kimi sadə, səmimi adamlar.

Mehman ustanı çoxdan, lap çoxdan tanıyıram. 40 il bundan qabaq mənim “bəylik saçımı” da qırxmışdı. O vaxtdan, bu vaxta qədər onunla dostluq edirik. Mehmam çox zarafatcıl, deyib-gülən bir insandır. Peşəsinin də vurğunudur. Rayonumuzda elə adam tapılmaz ki, onu tanımasın, ona saç-saqqalını təraş etdirməsin. Hamı onun xatirini çox istəyir.

Bir dəfə söhbət zamanı Usta Mehmandan soruşdum ki, görəsən, dünyada hansı peşə daha üstündür?

Dedi ki, qağa, mənim bu peşəm bütün peşələrdən üstündür.

Dedim, a Mehman usta, ağ eləmə də, elə hamının xarrata da, pinəçiyə də, elektrikə də, qaynaqçıya da, nə bilim sürücüyə də, həkimə də, müəllimə də işi düşür də. Sənin peşən nə oldu ki, bütün peşələrdən üstün oldu?

O gülüb dedi: - Düz deyirsən qardaş, bütün peşələr yaxşıdır. Amma saydığın bu peşələrdən birinin sahibini mənə göstər ki, kiminsə qulağına barmağının ucuyla toxuna bilsin. Toxuna bilər, ya yox?!

Dedim, a kişi, kimin nə haqqı çatır ki, kiminsə qulağına əl vursun, ona toxunsun.

Dedi, bax, mənim peşəm elə bir peşədir ki, uşaqdan tutmuş böyüyə kimi, fəhlədən tutmuş, lap nazirə kimi, onun saçını qırxanda qulağına toxuna bilirəm. Onun qulağından tutub saçında, saqqalında səliqə-səhman yarada bilirəm. Hə, indi ikinci bir peşə sahibi göstər ki, müştərisinin qulağına barmağının ucuyla toxuna bilsin. Belə sənət sahibi varmı?

Doğrusu, indiyə kimi bu barədə heç düşünməmişdim. Kişi, həqiqətən, düz deyir də. Hansı saç ustası müştəriyə deyir ki, qulağını aşağı əy və yaxudda əlinlə qulağını tut, mən saçını düzəldim. Gərək usta öz əliylə onun qulağından tutsun ki, saçını-saqqalını səhmana sala bilsin. Ay səni Mehman usta... Nə qədər çox bilmişsən.

Allah səni qorusun, əziz insan, gözəl dost. 100 yaşa ki, bizim saç-saqqalımızı abıra sala biləsən....